Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Moskva Qrenlandiya nümunəsində olduğu kimi, Donbass, Novorossiya və Krım xalqlarının öz müqəddəratını təyin etmə hüququnun tanınıb-tanınmayacağı ilə bağlı BMT-yə müraciət edib.
Gündəm24.az xəbər verir ki, TGRT və “Türkiye” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Donbass, Novorossiya və Krım xalqlarının öz müqəddəratını təyin etmə hüququnun tanınması ilə bağlı BMT-yə rəsmi müraciət edib. Onun sözlərinə görə, Qərb Kosovoda referendum olmadan müstəqilliyi qəbul etdiyi halda, Krımda qaydalara uyğun keçirilmiş referendumu tanımayıb və bu, açıq ikili standartdır.
Lavrov iddia edib ki, Ukrayna hakimiyyəti rus dilini və bir sıra əsas hüquqları qadağan edir, BMT Katibliyi isə bu məsələdə qərəzli mövqe tutur. O, BMT Baş katibinin neytrallıq öhdəliklərini pozduğunu, Qərbin Ukraynanı Rusiyaya qarşı alətə çevirdiyini və münaqişənin arxasında uzunmüddətli geosiyasi planların dayandığını deyib.
Nazir həmçinin 2022-ci ilin aprelində İstanbulda aparılan sülh danışıqlarında razılaşmanın əldə edildiyini, lakin Qərbin müdaxiləsi ilə prosesin dayandırıldığını vurğulayıb. Lavrov NATO-nun köhnəlmiş bir struktur olduğunu, Ukraynada legitimlik böhranının yaşandığını və davamlı sülh üçün real, dürüst təhlükəsizlik zəmanətlərinin zəruri olduğunu qeyd edib.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.