İranın yeni peyda olmuş vəliəhd şahzadəsi Rza Pəhləvi bazar ertəsi günü “Iran International”a verdiyi müsahibədə bildirib ki, 47 illik mübarizədən sonra ölkədəki mövcud sistemi aradan qaldırmaq günləri sayılır və İran xalqı “tam azadlığa və yenidən qurulmaq imkanına” nail olmalıdır. O, molla rejiminin süqutunda ABŞ-İsrail cütlüyünün təzyiqləri, SEPAH və BƏSİC-in zəifləməsi və daxili fəallığın rol oynayacağını vurğulayıb.
![]()
Bu barədə NOCOMMENT.az -a açıqlama verən siyasi şərhçi Heydər Oğuz bildirib ki, Pəhləvinin xüsusilə “Ölümsüzlər Qvardiyası”nın adını çəkməsi isə diqqət çəkir:
“Tarixi faktlar göstərir ki, hazırda belə bir hərbi birləşmə mövcud deyil. Əhəmənilər və Sasanilər dövründə fəaliyyət göstərmiş bu birliyin uğurları dəbdəbəli şəkildə təqdim olunsa da, əslində tarixdə çoxlu məğlubiyyətlərlə yadda qalıb. E.ə. 480-ci ildə 10 min nəfərdən ibarət Ölümsüzlər ordusu 300 Spartalı qarşısında çarəsiz qalmış, sonradan isə Makedoniyalı İsgəndərin Əhəməniləri ardıcıl olaraq məğlub etməsi ilə tarixdən silinməyin astanasına gəlib çatmışdır. Daha öncə isə Tomiris xatun Massaget tayfası ilə Əhəmənilərin üzləşdiyi müharibələrdə Ölümsüzlər Qvardiyası effektivliyini itirmişdi.
Sasanilər dövründə isə bu birliyin fəaliyyəti əvvəlki dövrlərlə müqayisədə o qədər də parlaq olmayıb, əsasən süvari qüvvələri kimi iştirak edib”.
Heydər Oğuz qeyd edir ki, Rza Pəhləvinin fars-millətçi və “Ölümsüzlər Qvardiyası” obsesiyası onu İran xalqının bütövlüyünü və bütün milli qrupların, xüsusilə Azərbaycan türklərinin tarixi qəhrəmanlıqlarını nəzərə almağa yönəltmir:
“Belə obrazlar yalnız İranı bölür və mollakratiyanın ömrünü uzadır. İran xalqı həqiqi birliyə nail olmaq istəyirsə, tarixi qəhrəmanlıq dastanlarını bütün milli qrupları əhatə edəcək şəkildə ön plana çıxarmalıdır”.
Oğuzun fikrincə, ölüvay “Ölümsüzlər Qvardiyası” konsepsiyası, hələ də fars-şovinist tərzli millətçiliklə bağlı, İranın gələcəyinə dair ümidləri boğur və dəyişiklik prosesini sabotaj edir.














