Rusiyanın iki bölgəsində dövlət məmurlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları hazırlayan iki nəfər həbs edilib.
Gundem24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi Xabarovsk diyarı və Kabardino-Balkar Respublikasında keçirilən əməliyyatlar nəticəsində terror aktlarının qarşısı alındığını açıqlayıb.
Bəyanatda bildirilib ki, FSB Rusiya İstintaq Komitəsi ilə birgə Xabarovsk diyarında dövlət qurumlarının nümayəndələrinə, Kabardino-Balkar Respublikasında isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı planlaşdırılan terror aktlarını vaxtında ifşa edib.
Məlumata görə, saxlanılanlar arasında Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdıran 1995-ci il təvəllüdlü Orta Asiya əsilli şəxs və Kabardino-Balkar Respublikasından olan 2009-cu il təvəllüdlü yeniyetmə də var.
Rusiya İstintaq Komitəsinin açıqlamasında qeyd olunub ki, Kabardino-Balkar Respublikasının 16 yaşlı sakini ötən ilin oktyabr ayında terror təşkilatının liderlərinə videomüraciət göndərib və daha sonra həmin qrupla əməkdaşlığa başlayıb. Qrup rəhbərinin təlimatları əsasında gənc Nalçik şəhərində polis əməkdaşlarına qarşı partlayıcı maddələr və silahlardan istifadə etməklə hücum planlaşdırıb.
İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər təlimatları internet üzərindən, o cümlədən Telegram vasitəsilə alıblar. Müsadirə olunan elektron cihazlarda silahlılarla yazışmalar, terror aktlarının törədilməsinə dair təlimatlar və hədəf seçilmiş şəxslərin fotoşəkilləri aşkar edilib.
Hazırda saxlanılan şəxslərə qarşı terror təşkilatına üzvlük və terror aktı hazırlamaq ittihamları ilə cinayət işləri açılıb.
Sədaqət Həsənova














