Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin (AAYDA) keçmiş rəhbəri Saleh Məmmədovun vəzifədə olduğu illərdə “Gənclik” metrosu yaxınlığındakı “Caspian” ticarət mərkəzində yerləşən bahalı qızıl mağazalarının daimi və ən sanballı müştərilərindən olduğu deyilir. Azpolitika-nın yaydığı məlumata görə, o, əsasən 999 əyarlı qızıl alıb. Hazırda bu qızılın 1 qramının qiyməti təxminən 250 dollara yaxındır. İddiaya görə, Saleh Məmmədov qızılı qramla deyil, kiloqramla aldığı üçün onu “Kilo Saleh” kimi tanıyıblar.
Jurnalist Əvəz Zeynallı da bildirib ki, Saleh Məmmədov ona milyonluq avtomobil kolleksiyasına sahib olduğunu etiraf edib.
Bu iddiaların fonunda keçmiş məmurun yüksək məbləğdə qızıl alması müzakirələrə səbəb olub. Bunun alt qatında nə dayanır?
Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, maaşı bəlli olan bir dövlət məmurunun kiloqramlarla qızıl alması müəmmalıdır:
“Həm də şəxsən özünün gedib aldığı deyilir. Bu isə göstərir ki, pul məsələsində belə bir-birilərinə etibar etmirlər. Digər tərəfdən, ölkədə Qarabağ yenidən qurulur, sosial təminatı aşağı olan vətəndaşların sayı kifayət qədərdir. Mövcud şəraitdə dövlət məmurunun bu cür dəbdəbəli həyat tərzi ciddi suallar doğurur. Bu o deməkdir ki, bəzi məmurların çəkinəcəyi, hesabat verəcəyi ünvan yoxdur və nəticədə özbaşınalıq yaranır”.
Tural Abbaslı
T.Abbaslı vurğulayıb ki, əsas məsələ iddiaların hüquqi müstəvidə araşdırılmasıdır:
“Əgər keçmiş məmurun fəaliyyəti ilə bağlı yeyinti və ya korrupsiya faktları varsa, bu, müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Jurnalistlərin yaydığı məlumatlar siqnal xarakteri daşıyır və hüquq-mühafizə orqanları bu siqnallara reaksiya verməlidir. Dövlətə dəyən zərər müəyyən edilərsə, həmin vəsait geri qaytarılmalıdır”.
Bu qədər qızıl almağın hansı psixoloji səbəbləri var?
Sosioloq Mail Yaqub deyib ki, bütün insanlarda hərislik, var-dövlətdən doymamaq meyilləri var:
“Bəzi insanlar buna nəzarət etməyi, özünü cilovlamağı bacarır. Bəziləri yox! İki amil insanı nizama salır: 1. Qanun və cəza qorxusu, 2. Allah və vicdan səsi. Bir insan bu iki amili həyatından silsə, bütün cinayətlərə əl atacaq. İnsan psixoloji olaraq belədir: nəzarətsiz qalanda qırmızı xətləri keçir və o var-dövlət yığmaqdan doymur. Məntiqini itirir, nəfsinin qulu olur. Məncə, bu obraza girən insanlara əxlaq dərsi yetərsizdir. Burada yalnız və yalnız cəza mexanizmi işə düşməlidir”.
Mail Yaqub
Sosioloq şəxsi müşahidələrinə əsasən əlavə edib ki, bəzi insanlar sonradan böyük maliyyə imkanları əldə etsələr, hətta iri biznes sahibi olsalar belə, xəsis davranışlarını davam etdirirlər:
“Bəzi insanlarda bu, sanki uşaqlıq travmasıdır. Görünür, uşaq vaxtı çox çətin həyat yaşayıblar, pulsuzluq görüblər. Bu, təbii səbəblərdən biridir, lakin əsas izah sayıla bilməz. İnsan yetkin yaşda belə davranışlar göstərirsə, bunun kökü psixoloji amillərdə də ola bilər. Xüsusilə uşaqlıqda yaşanan travmalar bu cür davranışların formalaşmasında rol oynayır”.














