İstanbulun Eyüpsultan rayonunda eyni gündə biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri telefon dələduzluğu yolu ilə aldadaraq ümumilikdə 3 milyon türk lirəsi dəyərində qızıl zinət əşyalarını ələ keçirən 5 şübhəli saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, şübhəlilər zərərçəkənlərə telefonla zəng edərək özlərini polis əməkdaşı kimi təqdim edib. Onlar “Adınız FETÖ əməliyyatında keçir. Evinizdəki qızılları yoxlamalıyıq, sonra sizə qaytaracağıq” deyərək qurbanları aldadıblar.
İyulun 1-də Eyüpsultanda şirniyyat mağazasında menecer işləyən Azərbaycan vətəndaşı H.H. polisə müraciət edərək bu üsulla aldadıldığını bildirib. Onun sözlərinə görə, dəyəri təxminən 1,5 milyon türk lirəsi olan qızıl zinət əşyalarını şübhəlilərə təhvil verib.
Elə həmin gün 65 yaşlı təqaüdçü D.K. də eyni üsulla aldadılıb. O, seyfində saxladığı təxminən 1,5 milyon türk lirəsi dəyərində qızıl zinət əşyalarını polis olduğunu düşündüyü şəxslərə verib.
İstanbul Polis İdarəsinin Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntülərini araşdırıblar. Kadrlarda şübhəlilərdən birinin H.H. ilə görüşərək qızılları götürdükdən sonra onu gözləyən avtomobilə minərək hadisə yerindən uzaqlaşdığı müəyyən edilib.
Aparılan əməliyyat nəticəsində Küçükçekmecedə 3 şübhəli saxlanılıb. Onların avtomobilinə baxış zamanı oğurlanmış qızıl zinət əşyalarının bir hissəsi, eləcə də 142 ədəd saxta 100 avroluq əskinas aşkar edilib.
İstintaq çərçivəsində Urfada keçirilən ikinci əməliyyat zamanı daha iki nəfər tutulub. Məlumata görə, şübhəlilər fırıldaqçılıq məqsədilə Urfadan İstanbula gələrək burada ev kirayələyiblər.
Polisdə dindirildikdən sonra əvvəllər müxtəlif cinayətlərə görə 11 qeydiyyatı olan Y.O., H.T., M.M. və O.Ç. barəsində həbs qətimkan tədbiri seçilib. Digər şübhəli E.O. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.














