İstanbulda son 84 ilin yağıntı rekordunun qırıldığı güclü leysan yağışlarından sonra “Dereboyu” dərəsində lentə alınan görüntülər böyük rezonansa səbəb olub. Dərə yatağının illər əvvəl üzərinin betonlanaraq tikintiyə açıldığı, suyun isə bu gün də çoxmərtəbəli binaların altından axmağa davam etdiyi üzə çıxıb. Leysan nəticəsində dərələrin daşması sakinlərə çətin anlar yaşadıb.
Musavat.com-un xəbərinə görə, şəhərdə həyatı iflic edən leysandan sonra çəkilən kadrlar böyük təhlükənin miqyasını ortaya qoyur.
“A Haber” telekanalının lentə aldığı görüntülərdə üzəri örtülmüş dərə yataqlarının intensiv yağışlar zamanı necə real fəlakət mənbəyinə çevrildiyi aydın görünür.
Xəbərdə qeyd olunur ki, keçmişdə təbii axını olan dərələrin üzəri betonlanaraq yaşayış komplekslərinin tikintisinə icazə verilib. Videogörüntülərdə suyun birbaşa binaların bünvərəsinin altından axması həmin tikililərin dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.
Bölgədəki digər mühüm problem isə dərə yataqlarının tikinti tullantıları ilə doldurulmasıdır. Suyun təbii axınına yaradılan süni maneələr dərələrin ötürücülük qabiliyyətini kəskin azaldıb və nəticədə sular ətrafa yayılıb. Təbii axın yollarının betonlanması və plansız tikinti işləri sel basqınlarının əsas səbəbi kimi yenidən gündəmə gəlib.
Rekord həddə düşən yağıntı mövcud infrastruktur qüsurları ilə birləşərək İstanbulun bir çox rayonunda ağır fəsadlar törədib. Küçə və prospektlər gölə dönüb, yüzlərlə evi və iş yerini su basıb.
Mütəxəssislər bildirirlər ki, baş verənlər yalnız təbii fəlakət deyil, həm də illər əvvəl verilmiş yanlış və qanunsuz tikinti icazələrinin acı nəticəsidir. Dərə yatağında ucaldılan binaların altından hələ də suyun axması bu icazələrin kimlər tərəfindən və hansı şərtlərlə verildiyi sualını aktuallaşdırır. Mövcud vəziyyət göstərir ki, dərə yataqlarının daraldılması və örtülməsi gələcəkdə daha böyük fəlakətlərə zəmin yaradır.















