Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə davam edən siyasi müzakirələr zamanı rəsmi Bakı ilə aparılan sülh prosesi və hazırlanmış sənədin əhəmiyyəti barədə mühüm bəyanatlarla çıxış edib. Nazir mövcud layihənin imzalanmasının Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, Ararat Mirzoyan bəzi qüvvələrin danışıqlar prosesini sıfırlamaq cəhdlərini kəskin tənqid edərək sülh müqaviləsinin bəndlərinə toxunub:
“Əlbəttə, mən öz tərəfimdən Azərbaycanla razılaşdırılmış və ilkin olaraq paraflanmış sülh müqaviləsini mütləq imzalayardım. Bunun bir çox səbəbi var. Ən azı ona görə ki, bir çox digər müddəalarla yanaşı, bu müqavilə Ermənistan və Azərbaycanın Alma-Ata bəyannaməsi əsasında, yəni Sovet İttifaqının dağıldığı dövrdə mövcud olan sərhədlər daxilində bir-birlərinin siyasi müstəqilliyini, sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını nəzərdə tutur”.
XİN rəhbəri müqaviləni imzalamaqdan imtina etməyin və ya şərtləri dəyişdirməyin regionu yenidən alova bürüyəcəyini qeyd edib: “Başqa cür hərəkət etmək — danışıqlara yenidən başlamaq, artıq razılaşdırılmış bəndləri yenidən açmaq və ya onları ləğv etmək Ermənistanı birbaşa, birmənalı və dərhal yenidən münaqişə mərhələsinə qaytaracaq bir avantüradır”.
Nazir Ermənistandakı əksər siyasi qüvvələrin də bu sənədi dəstəklədiyini xatırladıb: “Onu da qeyd etmək istəyirəm ki, burada təmsil olunan siyasi qüvvələrdən, əgər düz xatırlayıramsa, həm ‘Güclü Ermənistan’ bloku, həm ‘Yeni Güvə’ partiyası, həm ‘Çiçəklənən Ermənistan’ partiyası, həm Ermənistan Milli Konqresi (ANK), həm də təbii ki, ‘Respublika’ partiyası və digər həmkarlarımız bu müqavilənin yaxşı olduğunu və bəzi xırda qeydlərlə — məsələn, qarant məsələsi ilə bağlı — onu imzalamağa hazır olduqlarını bəyan ediblər. Ümid edirəm ki, bu müzakirə zamanı qarant mövzusuna hələ yenidən toxunacağıq”.














