“Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır”.
Bu sözləri şikayətçi olan Sumqayıt sakini deyib.
O bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, qurumlar problemin həlli ilə bağlı məsuliyyəti bir-birinin üzərinə atır:
“Bina evində, xüsusilə də 5-ci mərtəbədə ilan olması həqiqətən də biabırçılıqdır. Bütün qurumlara zəng etdim. Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Hamısı bir-birinin üzərinə atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bildirmişəm. İcra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin üzərinə atır, Fövqəladə Hallar Nazirliyi də başqa qurumlara yönləndirir”.
Şikayətçi həmçinin kommunal və digər ödənişlərini vaxtında etdiyini, lakin problem yarananda aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görmədiyini deyib:
“Bütün ödənişləri ilin əvvəlindən düz axıra qədər əvvəlcədən ödəyirəm. Hətta bu ilin ödənişini də tam ödəmişəm.
Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır”.
Məsələ ilə bağlı adıçəkilən aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Fövqəladə Hallar Nazirliyindən sorğuya cavab olaraq bildirildi ki, belə halların aradan qaldırılması nazirliyin səlahiyyətlərinə aid deyil və məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir:
“Bu cür problemlərlə bizim nazirlik məşğul olmur. Siz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edin. Bununla bağlı bizim səlahiyyətimiz çərçivəsində heç bir məsələ yoxdur və kadr potensialı da nəzərdə tutulmayıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, məsələ onların səlahiyyətlərinə aid deyil:
“Bu məsələyə bizim nazirlik baxmır. Hansı qurum baxır, o barədə məlumatımız yoxdur”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə sorğuya cavab olaraq bildirildi ki, məsələ aidiyyəti quruma yönləndirilib:
“Şirvan yaşayış massivindədir. Mənzil İstismar Sahəsinə məlumat vermişik”.
Mənbə: Azxeber.соm














