ABŞ-da yaşayan azərbaycanlı tələbə Elmina Ağayeva federal immiqrasiya orqanları tərəfindən saxlanılması geniş rezonans doğurub.
Gündəm24.az modern.az-a istinadən xəbər verir ki, hadisə Kolumbiya Universitetinin kampusunda baş verib. Federal immiqrasiya xidmətinin əməkdaşları azərbaycanlı tələbəni universitetə məxsus yaşayış binasında saxlayıb.
Universitet rəsmilərinin açıqlamasına görə, federal agentlər binaya daxil olarkən özlərini başqa adla təqdim ediblər. Lakin rəsmi qurum bu iddianı təkzib edib və saxlanmanın qanuni əsaslarla həyata keçirildiyini bildirib.
Məlumata görə, məsələ Nyu-York meri Zohran Mamdani tərəfindən birbaşa ABŞ Prezidenti Donald Tramp ilə müzakirə olunub. Bildirilir ki, Ağ Evdə keçirilən görüşdən və sonrakı telefon danışığından sonra Ağayevanın azadlığa buraxılması barədə qərar qəbul edilib.
Azadlığa çıxdıqdan sonra Elmina Ağayeva sosial şəbəkə hesabında paylaşım edərək təhlükəsizlikdə olduğunu və baş verənlərdən şok yaşadığını bildirib.
Ağayeva Azərbaycandan olan və Kolumbiya Universitetində neyrobiologiya və siyasi elmlər ixtisası üzrə təhsil alan son kurs tələbəsidir. Dostlarının yaydığı məlumata görə, onun uzunmüddətli tələbə vizası olub. ABŞ Daxili Təhlükəsizlik Departamenti isə vizanın daha əvvəl ləğv edildiyini və hazırda açıq müraciət və ya apellyasiya prosesinin olmadığını açıqlayıb.
Hadisə kampusda etirazlara səbəb olub, tələbələr xarici tələbələrin hüquqlarının qorunması məsələsini gündəmə gətiriblər. Universitet rəhbərliyi əməkdaşlara federal qurum nümayəndələrinin məhkəmə qərarı olmadan qeyri-ictimai ərazilərə buraxılmaması ilə bağlı əlavə təlimat verildiyini açıqlayıb.














