ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatın ilk günündə – fevralın 28-də İranın ən yüksək vəzifəli 49 liderinin zərərsizləşdirildiyini açıqlayıb.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb. ABŞ liderinin sözlərinə görə, əməliyyatın ilkin mərhələsi Vaşinqtonun gözlədiyindən daha sürətli və effektiv nəticə verib.
Tramp bildirib ki, hücum günü səhər saatlarında İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın ətrafı ilə səhər yeməyi zamanı görüş keçirib. ABŞ tərəfinin İran rəhbərliyinin hərəkətləri və yerləşdiyi məkanlarla bağlı dəqiq kəşfiyyat məlumatına malik olduğunu vurğulayan Tramp, prosesin planlaşdırılandan fərqli inkişaf etdiyini deyib.
“Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr, bu, dörd həftədən də uzun çəkə bilər. Amma nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyi və harada baş verdiyi barədə çox dəqiq məlumatımız var idi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyatın məqsədi İranın hərbi-siyasi qərarvermə mexanizmini iflic etmək və raket proqramını kökündən zəiflətmək olub. O, həmçinin əlavə edib ki, Vaşinqton vəziyyətin inkişafını yaxından izləyir və zərurət yaranacağı təqdirdə əlavə addımlar atmağa hazırdır.












