Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Jurnalist Əbdülqadir Selvi zənglə bağlı verdiyi açıqlamada CAATSA sanksiyaları, F-35 proqramı və Halkbank işi ilə bağlı ilk rübdə konkret addımların atılacağını bildirib.
Gündəm24.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Prezident Aparatının Kommunikasiya İdarəsinin açıqlamasına görə, müzakirələr Türkiyə-ABŞ ikitərəfli siyasi münasibətləri, müdafiə sənayesində əməkdaşlıq, iki ölkə arasında hədəf ticarət həcminə çatmaq üçün atılacaq addımlar, həmçinin başda Qəzza və Venesuela olmaqla regional və qlobal məsələləri əhatə edib.
Jurnalist Əbdülqədir Selvi, “Hürriyet” qəzetində dərc olunan köşəsində görüşün təfərrüatlarını paylaşaraq bildirib ki, Ərdoğan-Tramp görüşü Nazirlər Kabinetinin iclasından əvvəl baş tutub. Görüşdən sonra Trampdan konkret addımlar gözlənilir. Ərdoğan, görüşdən sonra nazirlərə müzakirələrin nəticələri barədə məlumat verib.
Selvi yazır ki, görüşdən sonra Qəzza məsələsinin yenidən gündəmə gələcəyi gözlənilir. O, həmçinin Müdafiə sənayesi ilə bağlı vacib layihələrin müzakirə edildiyini, bəzi problemlərin isə CAATSA sanksiyaları səbəbindən həll olunmadığını qeyd edib. F-16 və F-35 təyyarələrinin alınması, həmçinin ölkənin müdafiəsi üçün digər addımların vacib olduğu vurğulanıb.
Jurnalist bildirib ki, Trampın bu ilin birinci rübündə bu məsələlərlə bağlı konkret addımlar atması gözlənilir. Bu səbəbdən görüş “məhsuldar” kimi xarakterizə olunur. Lakin ölkənin maraqlarına görə çox detal açıqlanmır, çünki ABŞ-da Türkiyə əleyhinə lobbilər mövcuddur və onları xəbərdar etmək məqsədəuyğun deyil.
Sədaqət Həsənova













