Türkiyə teatr, kino və televiziya dünyasının tanınmış simalarından biri, İstanbul Dövlət Opera və Baletinin sənətçisi Ferdi Atuner vəfat edib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, ailəsinin verdiyi məlumata görə, 82 yaşlı sənətçi uzun müddətdir səhhətində yaranan problemlər və infarkt səbəbilə dünyasını dəyişib.
Ferdi Atuner xüsusilə “Olacak O Kadar” eskiz proqramında Levent Kırca ilə birgə canlandırdığı obrazlarla geniş tamaşaçı auditoriyasının yaddaşında qalıb. O, həmçinin “Çocuklar Duymasın”, “Reytinq Hamdi”, “En Son Babalar Duyar”, “Ayrılsak da Beraberiz” və “Çılğın Bediş” kimi məşhur seriallarda da rol alıb.
Səs aktyoru kimi də fəaliyyət göstərən Atuner 2024-cü ildə verdiyi son müsahibəsində sənət həyatına və maddi vəziyyətinə toxunaraq, təqaüdlə yaşadığını və aldığı az sayda təkliflərə baxmayaraq sənətdən uzaqlaşmadığını bildirmişdi.














