2 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və “QGallery” Qalereyasının birgə təşkilatçılığı ilə “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekun sərgisinin açılışı baş tutub. Layihə, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış arzusunu, uzun illərdir davam edən yurd həsrətini və bu həsrətin incəsənət vasitəsilə ifadəsini özündə ehtiva edir.
Müsabiqənin təşkili ideyası Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyinə, məhv edilmiş mədəni irsimizə və tarixi yaddaşımıza qarşı biganəliyi aradan qaldırmaq, bu həqiqətləri gənc nəslə çatdırmaq məqsədi daşıyıb. Son iki əsrdə xalqımızın yaşadığı müharibələr, deportasiyalar, etnik təmizləmələr, eləcə də mədəni irsə qarşı sistemli şəkildə həyata keçirilmiş dağıdıcı addımlar gənc rəssamların əsərlərində bədii şəkildə əks olunub. Məscidlərin, qəbiristanlıqların, tarixən azərbaycanlıların yaşadığı məkanların dağıdılması və yer adlarının dəyişdirilməsi bu layihənin əsas mövzularından biri olub.
Dörd mərhələdən ibarət müsabiqənin yekununda münsiflər heyətinin seçdiyi eskizlər əsasında hazırlanan və 45 tələbənin müəllifi olduğu rəsm əsərləri sərgidə təqdim olunub. Layihənin reallaşmasına Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ilə yanaşı, Akademiyanın prorektorları – Xalq rəssamı professor Salxab Məmmədov və Xalq rəssamı professor Fuad Salayev, həmçinin “QGallery” Qalereyasının rəhbəri, Əməkdar incəsənət xadimi Emin Məmmədov dəstək göstəriblər. Layihənin ideya müəllifi və rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, kuratoru isə sənətşünas Aytən Muradlıdır.
Açılışda çıxış edən Əziz Ələkbərli gənclərin mövzuya göstərdiyi həssaslığı yüksək qiymətləndirərək bunun Qərbi Azərbaycana qayıdış ideyasına böyük dəstək olduğunu bildirib. O, Qərbi Azərbaycanın mədəni irsinin gənclərə ötürülməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev sərgidə Qərbi Azərbaycandakı memarlıq abidələrinin işğal nəticəsində dağıdılmış vəziyyətdə təsvir olunduğunu və bu əsərlərin tarixi yaddaşın qorunmasına xidmət etdiyini bildirib. O, həmçinin sərgidə Qərbi Azərbaycanda yaşamış mütəfəkkir və şairlərin həyatından bəhs edən işlərin də yer aldığını qeyd edib. Rektor Mirzə Qədim İrəvaninin 200 illiyinin bu il qeyd olunduğunu xatırladaraq yaxın günlərdə ona həsr olunmuş sərginin keçiriləcəyini bildirib.
Layihənin ideya müəllifi və rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov gənc rəssamların Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və ziyalıları barədə məlumatlandırıldığını, onların isə deportasiya olunmuş insanların qayıdış hüququ ilə bağlı məzmunlu əsərlər yaratdıqlarını diqqətə çatdırıb. O, sərginin əsas mahiyyətinin Qərbi Azərbaycan məsələsinə dair görülən işlərə diqqəti artırmaq və rəssamların yaradıcılığında bu mövzunun daha geniş yer almasına şərait yaratmaq olduğunu qeyd edib.
Qeyd edək ki, sərgi Qərbi Azərbaycan həqiqətlərinin bədii dildə təqdim edilməsi, tarixi yaddaşın qorunması və gənc yaradıcı mühitin bu mövzuya cəlb edilməsi baxımından mühüm layihə kimi dəyərləndirilir. Tədbir sənət ictimaiyyəti və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.





























