Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakının Yasamal rayonunun ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 3 nəfər ölüb, xeyli adam yaralanıb. Hərbi jurnalist Heydər Mirzə yanğınla bağlı video paylaşıb. Onun bu videosu ölkədə çox ciddi rezonans doğurub.
Gündəm24.az xatırladır ki, onun çəkdiyi video dünən sosial şəbəkələrdə və saytlarda yayılıb. Jurnalist yanğının baş verməsində binanın altında yerləşən “LOFT” restoranını ittiham edib. Heydər Mirzə güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.
Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini, həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, birinci instansiya məhkəməsi “LOFT”un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.













