Zaqatala rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Gündəm24.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Zaqatala şəhəri B.Vahabzadə küçəsində baş verib. 1977-ci il təvəllüdlü Nadir sərxoş vəziyyətdə yaşadığı evdə arvadı Nərminənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyyələrindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmin gün işdən evə gəlib: “Üstümü dəyişərək yola çıxdım. Şirə içdim, daha sonra da bir bakal pivə içdim. Elə küçədə də yoldaşımı gözlədim. Yoldaşım gəldikdən sonra
birgə evə qayıtdıq. Evə qayıtdıqdan sonra arvadımı döydüm. Hadisə zamanı içkili olmuşam, heç bir səbəb olmadan bu əmələ yol vermişəm. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxs məni bağışlayıb. Hazırda aramızda heç bir narazıçılıq yoxdur. Bir daha spirtli içkilər içməyəcəyimə söz verirəm”.
İş üzrə zərərçəkmiş Nərminənin sözlərinə görə, son zamanlarda əri Nadirin qısqanclığı dözülməz vəziyyətdə olub: “Hər kəs məni tanıyır, ərimin bu qısqanclığı üçün heç bir əsaslı səbəb yoxdur. Mənim vurulmam da qısqanclıq səbəbindən baş verib. Mənə qarşı şiddət göstərildikdən sonra polisə şikayət etmişəm”.
Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nadir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Hökmə görə, cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxsin yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri, B.Vahabzadə küçəsində yerləşən evinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.














