Qasım-Jomart Tokayev bildirib ki, iğtişaşların təhrikçiləri “hökumətin yanacaq qiymətlərini qaldırmaq qərarından sui-istifadə edib və kütləvi nümayişlərə səbəb olublar”.
Gündəm24.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin yanvar ayında ölkədə baş verən iğtişaşlara “inqilab mütəxəssisləri”nin nəzarət etdiyini açıqlayıb. Tokayev “Türküstan” qəzetinə verdiyi müsahibədə bildirib ki, etirazçıları təhrik edənlər hökumətin yanacaq qiymətlərini qaldırmaq qərarından istifadə edərək kütləvi nümayişlər təşkil ediblər.
Prezident əlavə edib ki, vətəndaşlar, vəzifəli şəxslər və hətta təhlükəsizlik qüvvələrinin bir hissəsi panika içində vəzifələrini tərk edib, məxfi sənədlər və silahları geridə qoyublar. O, Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli şəxslərinin peşəkarlıq və vətənə sədaqət sınağından keçə bilmədiyini vurğulayıb.
Qazaxıstanda iğtişaşlar 2022-ci ilin yanvarında alovlanıb, polis və ordu zabitlərinə hücumlar edilib. Tokayev bunu dövlət çevrilişi cəhdi adlandıraraq KTMT-dən müdaxilə istəyib. Vəziyyət 7 yanvaradək sabitləşib, 19 yanvarda ölkədə fövqəladə vəziyyət ləğv olunub. Rəsmi statistikaya görə, iğtişaşlar nəticəsində 238 nəfər həlak olub, 4500-dən çox insan yaralanıb.
Sədaqət Həsənova














