Dmitri Polyanski qeyd edib ki, Moskva bunu dəfələrlə müxtəlif səviyyələrdə bildirib.
Gündəm24.az xəbər verir ki, Ukraynaya qoşun göndərməyi planlaşdıran Qərb ölkələri qüvvələrinin Rusiyanın qanuni hədəfinə çevriləcəyinin tam fərqindədirlər. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
“Onlar çox yaxşı bilirlər ki, biz bunun bizim üçün qəbuledilməz olduğunu xəbərdar etmişik. Onlar çox yaxşı bilirlər ki, biz NATO və Qərb silahlı qüvvələrinin Ukrayna ərazisində olmasını qəbul etməyəcəyik. Və biz dəfələrlə müxtəlif səviyyələrdə onların silahlı qüvvələrimiz üçün qanuni hədəflərə çevriləcəyini demişik”, – deyə o, “Rossiya-24” telekanalında bildirib.
Yanvarın 6-da Parisdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə qəbul etmək üçün sözdə “könüllülər koalisiyası” toplanıb. Polşa Baş naziri Donald Tuskun sözlərinə görə, ölkələrin konkret öhdəlikləri sənəddə yer almayıb.
Böyük Britaniya Baş naziri Keir Starmer bildirib ki, Böyük Britaniya və Fransa bütün Ukrayna ərazisində hərbi mərkəzlər yaratmaq, silah və hərbi texnika anbarları tikmək niyyətindədirlər. Londonun həmçinin münaqişə bitdikdən sonra Ukraynada atəşkəs rejimini izləmək üçün ABŞ-ın rəhbərlik etdiyi missiyada iştirak edəcəyi qeyd olunub.
Sədaqət Həsənova














