İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raket və PUA-lardan istifadə edərək Bəhreyndəki ABŞ aviabazasına hücum edib.
Gündəm24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS İran dövlət televiziyasına istinadən məlumat yayıb.
“Bu gün səhər saatlarında SEPAH Bəhreynin Şeyx-İsa rayonundakı ABŞ-nin aviabazasına kütləvi dron və raket hücumu həyata keçirib. Zərbələr zamanı 20 PUA və üç ballistik raketdən istifadə edilib”, – deyə xəbərdə bildirilib.
Məlumata görə, SEPAH-ın hücumu zamanı aviabazanın komandanlıq binası dağıdılıb və yanacaq çənləri yanıb.
“The Washington Post” nəşri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb ki, Bəhreyndə ABŞ Müdafiə Nazirliyinin iki əməkdaşı PUA hücumları zamanı yaralanıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.













