“Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər təkcə cari hərbi-siyasi vəziyyətə verilən reaksiya deyil, həm də Azərbaycanın dövlət mövqeyinin və milli iradəsinin nümayişi kimi qiymətləndirilməlidir. İran tərəfindən Naxçıvan istiqamətində baş verən hücum cəhdi regionda onsuz da həssas olan təhlükəsizlik balansına ciddi təhdid yaratdı. Belə bir şəraitdə dövlət başçısının sərt və prinsipial mövqeyi həm ölkə daxilində cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın mesaj idi: Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarını səfərbər etməyə qadirdir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirdi.
Onun sözlərinə görə, prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın təhlükəsizlik məsələlərinə yanaşmasında qətiyyət və soyuqqanlı strateji düşüncənin birləşməsi idi:
“Dövlət başçısı emosional ritorikadan çox, siyasi məsuliyyət və dövlətçilik mövqeyi nümayiş etdirərək göstərdi ki, Azərbaycan regionda sabitliyin tərəfdarı olsa da, heç bir təhdidə qarşı laqeyd qalmayacaq. Bu mesaj həm də regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Azərbaycanın qətiyyətli aktor kimi çıxış etdiyini bir daha təsdiqlədi”.
Miüsahibimiz əlavə etdi ki, bu hadisələr fonunda qardaş Türkiyənin mövqeyi xüsusi qeyd olunmalıdır:
“Türkiyə tərəfindən Azərbaycana verilən siyasi və mənəvi dəstək bir daha göstərdi ki, iki dövlət arasındakı münasibətlər sadəcə diplomatik tərəfdaşlıq deyil, strateji müttəfiqlik və qardaşlıq üzərində qurulub. Bu münasibətlərin ideoloji və siyasi əsasını isə uzun illərdir səsləndirilən “bir millət, iki dövlət” prinsipi təşkil edir ki, bu fikir ilk dəfə olaraq Heydər Əliyev tərəfindən ifadə olunaraq Azərbaycan–Türkiyə münasibətlərinin fəlsəfi əsasına çevrilib. Türkiyənin bu çətin məqamda Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etməsi regionda güc balansına da mühüm təsir göstərən faktordur. Bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmır, o, həm də türk dünyasının strateji həmrəyliyinin real ifadəsidir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi məsələsi artıq yalnız milli məsələ deyil, eyni zamanda türk dünyasının təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrilib:
“Baş verən hadisələr bir həqiqəti də aydın şəkildə ortaya qoyur: Azərbaycan tək deyil. Bu gün ölkəmizin arxasında güclü dövlətçilik iradəsi, müasir və peşəkar ordu, milli birlik və ən əsası qardaş Türkiyənin sarsılmaz dəstəyi dayanır. Məhz buna görə də İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi mesajlar yalnız bir hadisəyə münasibət deyil, həm də Azərbaycanın gələcək təhlükəsizlik strategiyasının, regional mövqeyinin və milli qürurunun ifadəsi kimi qiymətləndirilməlidir. Bu çıxış Azərbaycan dövlətinin ən çətin anlarda belə qətiyyətli və prinsipial mövqedən çıxış etdiyini göstərən mühüm siyasi mesaj kimi artıq tarixin slinnməz səhifəsinə çevrilib”.














