Yaxın Şərqdə gərginlik son günlər daha da artaraq region ölkələrinə təsir göstərməyə başlayıb. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda qarşılıqlı zərbələr davam edir. Artan gərginlik artıq Azərbaycan sərhədlərinə də təsir göstərib. Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib.
Gündəm24.az məsələ ilə bağlı demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, istənilən müharibə region ölkələrinə təsirsiz ötüşmür.
“Qonşuluqda genişmiqyaslı hərbi qarşıdurmanın getdiyi dövrdə sərhəd təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Belə şəraitdə İranın müxtəlif istiqamətlərdə gərginliyi artırması onun müdafiə imkanlarını da zəiflədən amillərdən biridir. Naxçıvana endirilən hava zərbələri isə regionda təhlükəsizlik mühitinə birbaşa təhdid yaradan ciddi hadisə kimi qiymətləndirilir”.
Deputat bildirib ki, baş verən hadisə İran hakimiyyətində mövcud olan anti-Azərbaycan mövqeli qüvvələrin fəaliyyəti ilə izah olunur:
“Bu addım təsadüfi deyil və regiondakı gərginlik fonunda məqsədli xarakter daşıdığı ehtimal edilir. Prezident İlham Əliyevin Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirməsi isə Azərbaycanın təhlükəsizliyinin təmin olunması və mümkün cavab tədbirlərinə hazırlıq baxımından atılmış addım kimi dəyərləndirilir. İran tərəfinin hadisə ilə bağlı səsləndirdiyi izahlar isə baş verənlərin mahiyyətini tam aydınlaşdırmağa imkan vermir. Bu da hücumun təsadüfi deyil, planlaşdırılmış addım olması ehtimalını daha da gücləndirir. Xüsusilə nəzərə alınmalıdır ki, son illər ərzində İran rəsmilərinin və müxtəlif siyasi dairələrinin Azərbaycana qarşı təhdid xarakterli bəyanatları dəfələrlə səsləndirilib”.
Onun sözlərinə görə, əgər İran hakimiyyəti Naxçıvana endirilən zərbələrlə bağlı qısa müddətdə inandırıcı açıqlama verməz və beynəlxalq hüquq çərçivəsində məsuliyyətini qəbul etməzsə, Azərbaycanın cavab tədbirləri qaçılmaz ola bilər.
“Azərbaycan öz suverenliyini və ərazi təhlükəsizliyini qorumaq üçün bütün zəruri vasitələrə malikdir və belə bir zərurət yaranacağı halda müvafiq addımların atılması istisna edilmir”.













