Kürdəmir rayonunda 1986-cı il təvəllüdlü Habil qısqanclıq zəminində yaranan mübahisəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərtidir – red.) qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Habil 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğu və Kürdəmir Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarına əsasən formal əsaslarla boşanmaqla faktiki olaraq ər-arvad münasibətlərini davam etdirdiyi arvadı Könülün müxtəlif kişilərlə sevgi münasibətləri yaşamasını öyrənib.
O, 2025-ci ilin may-iyun aylarında isə dəfələrlə ondan xəbərsiz Bakı şəhərinə gedib və naməlum şəxslərlə görüşməsindən şübhələnib. Qısqanclıq zəminində qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
Habil həmin ilin iyunun 28-də, saat 19 radələrində hadisəni görməməsi məqsədilə Kürdəmir rayonunun kəndində yaşadığı evdə olan yetkinlik yaşına çatmayan qızını evdən yola saldıqdan sonra evin mətbəx otağından bıçağı götürüb və evin yataq otağına daxil olub. O, çarpayının üzərində uzanmış Könülə yad kişilər ilə görüşməsinin onun özü və ailə üzvləri üçün utancverici olduğunu bildirib, sağ əlində tutduğu bıçaqla həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə qəsdən öldürmək niyəti ilə ardıcıl zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb.
Habilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Habil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Habil ifadəsində göstərib ki, arvadı Könülün dəfələrlə başqa kişilərdə danışdığını tutub: “Arvadım bizdən xəbərsiz itkin düşüb. Bu barədə polisə şikayət etmişəm. Polis arvadımı taparaq gətirdi. Arvadım ilə aramızda dəfələrlə mübahisə olurdu, arvadım uşaqlara baxmayıb. Arvadımın bu hərəkətlərindən, başqa kişilərlə görüşməsi səbəbindən kəndə çıxa bilməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, yəni 2025-ci ilin iyunun 28-də yenə də arvadının telefonla danışdığını tutub: “Arvadım ilə söhbət edərək bu hərəkətlərə son qoymasını dedim. Sonra aramızda yenə mübahisə yarandı. Elə həmin vaxt mətbəxdən bıçağı götürdüm və həmin bıçaqla xəsarətlər yetirdim. Bu zərbələr nəticəsində arvadımı öldürmüşəm. Arvadıma neçə bıçaq zərbələri vurmağımı xatırlamıram. Arvadım öldürdükdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq arvadımı öldürdüyümü bildirdim. Arvadımı öldürən zaman qızım anasının evində olub. Oğlanlarım isə kənddə bərbərdə olublar. Hadisəni heç kəs görməyib. Hazırda tutduğum əməldən peşmanam. Himayəmdə 3 uşağım var”.
Mərhum Könülün hüquqi varisi, atası Mehdinin sözlərinə görə, 2022-ci ilə qədər qızı Könül ilə kürəkəni Habil arasında heç bir problem olmayıb: “Sonradan qızım yolunu azdı. O, müxtəlif yad kişilər ilə telefonla danışdı. Könül 2023-cü ilin yay aylarında İsmayıllı rayon sakini Sərxan adlı şəxs ilə münasibət qurub. Könül Sərxan ilə qoşularaq ailəsini tərk edib və Bakı şəhərinə gedib. Könül 4-5 gün müddətində Sərxan ilə Bakı şəhərində yaşamışam. Kürəkənim Habil həmin vaxt yoldaşının itkin düşməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə şikayət etdi. Könülün Bakı şəhərində qaldığı yer müəyyən edildi və Habil Bakıya gedərək onu evinə gətirdi. Bundan sonra Könül ilə Sərxanın münasibəti başa çatdı”.
Mehdi qeyd edib ki, iyunun 28-də yaşadığı kənddə olarkən, axşam saat 21 radələrində ona qohumları zəng vurub və kürəkəni Habilin Könülü öldürdüyünü bildirib: “Mən dərhal işdən çıxdım və onların evinə gəldim. Həyətə daxil olanda polis əməkdaşları Habili polis maşınına mindirərək həyətdən çıxardılar. Mən evə daxil olaraq qızımın evin yataq otağında qan içərisində olan meyitini gördüm. Qızım artıq ölmüşdü”.
Qızı qətlə yetirilən ata ifadəsinin sonunda qatili kürəkəni ilə barışdığını, onu bağışladığını, ondan heç bir şikayəti olmadığını deyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.














