Qaraiman kəndi keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Basarkeçər (Vardenis) rayonunda yerləşib. Göyçə mahalının qədim yaşayış məskənlərindən olan kənd Basarkeçər şəhərindən təxminən 13 kilometr məsafədə, dağ ətəyində salınıb. Hazırda Ermənistanın Geğarkunik vilayətinin ərazisinə daxildir.
Qaraiman toponiminin mənşəyi türk mənşəli qaraman tayfasının adı ilə əlaqələndirilir. Kəndin yaranması ilə bağlı yerli rəvayətlərdə Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçəyə gələn Qara İmanın adı çəkilir. Bildirilir ki, o, ailəsi və yaxınları ilə birlikdə burada məskunlaşaraq yaşayış məntəqəsinin əsasını qoyub. Bununla yanaşı, kəndin tarixi adları haqqında mənbələrdə fərqli məlumatlar var. 1555-ci ilə aid yazışmalarda Qaraçoban, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə isə Qaraçubuq-Qaracaiman adı qeyd olunur.
Kəndin ərazisindəki qədim qəbiristanlıq, müsəlman qəbirləri və türbə Qaraimanın Azərbaycan tarixi-mədəni irsi baxımından əhəmiyyətini göstərən abidələrdəndir. Qəbirüstü daşlar və türbə burada azərbaycanlıların əsrlər boyu yaşadığını təsdiqləyən maddi-mədəni irs nümunələri kimi təqdim olunur. Kəndin yaxınlığında yerləşən Oğrunca adlı qədim yaşayış məntəqəsinin də sonralar Qaraimanın tərkibinə daxil olduğu bildirilir.
Tarixi statistik məlumatlara əsasən, 1831-ci ildə kənddə 207, 1873-cü ildə 418, 1886-cı ildə 569, 1897-ci ildə 775, 1908-ci ildə 1033, 1914-cü ildə 1079, 1916-cı ildə isə 650 azərbaycanlı yaşayıb. 1919-cu il aprelin 13–20-də kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin hücumları nəticəsində doğma yurdunu tərk etməyə məcbur olub. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinlərin bir qismi geri qayıdıb. 1922-ci ildə kənddə 478, 1931-ci ildə 652, 1979-cu ildə 823 azərbaycanlı qeydə alınıb.
Qaraimanın adı sovet dövründə dəyişdirilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kənd Sovetkənd adlandırılıb. 3 aprel 1991-ci ildə isə adı yenidən dəyişdirilərək Kaxakn qoyulub. 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyası zamanı Qaraiman sakinləri də ata-baba yurdlarından qovulublar.
Bu gün Qaraiman adı Göyçə mahalının tarixi yaddaşında yaşamaqdadır. Qədim qəbiristanlığı, türbəsi, türk mənşəli toponimi və sakinlərinin yaddaşında qorunan adət-ənənələri bu kəndin Azərbaycan tarixindəki yerini xatırladır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















