İran Türkiyənin Adana bölgəsinə 3-cü dəfə raket atıb. Məlumdur ki, Adanada ABŞ-ın hərbi bazası var.
Niyə Türkiyəni də müharibəyə sürükləmək istəyirlər? Bu, səhvən, yoxsa qəsdən edilir?
Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən türk siyasətçi İsmayıl Cingöz deyib:

“Türkiyə həm müharibədən əvvəl, həm də müharibə zamanı vasitəçilik səylərində fəal iştirak edib və atəşkəsin təmin edilməsi üçün diplomatik təşəbbüslər həyata keçirib”.
Siyasətçinin sözlərinə görə, həm rəsmi, həm də müxtəlif yollarla İrana çatdırılan mesaj ondan ibarət idi ki, müharibəni daha ehtiyatlı aparmalıdır. Mesajlar şübhəsiz ki, İrana xəbərdarlıq şəklində deyilib.
İran davam edərsə, birinci prioritet olaraq diplomatik xəbərdarlıqlar ediləcək deyən İsmayıl Cingöz əlavə edib:
“İran səfiri Türkiyəyə çağırılacaq və İrana sərt etiraz notası veriləcək. Bu, ən çox ehtimal olunan ssenaridir. İkinci ehtimal odur ki, Türkiyə NATO üzvü olduğu üçün alyansın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini tələb edə bilər. Bu, Patriot və radar sistemlərinin yerləşdirilməsi tələbini ehtiva edəcək. Artıq raketlərin Malatya və Türkiyənin Cənub-Şərqi bölgəsinə yerləşdirilməsinə başlanıldığına dair məlumatlar var”.
“Türkiyənin hərbi yolla cavab vermək imkanı və hüququ mövcuddur. Türkiyə hərbi əməliyyatlara əl atmazdan əvvəl İranın təxribatlarına eyni şəkildə cavab verə bilər. Ankaranın İraq və Suriyada məlum ünsürlərə qarşı əməliyyatlar keçirə bilməsi ehtimalı da mövcuddur” , — deyə siyasətçi qeyd edib.
Türkiyə ilə İran arasında müharibənin hər iki ölkə üçün dağıdıcı nəticələri olacağını vurğulayan ekspert vurğulayıb:
“Türkiyə müharibəyə girmək istəmir. Çünki ölkənin sərhəd təhlükəsizliyi və iqtisadiyyatı böyük zərər görəcək. Türkiyə İranla qonşu ölkədir və onunla iqtisadi əlaqələri var.
Enerji və ticarət əlaqələri pozulacaq. Türkiyənin, xüsusilə Qafqaz, Yaxın Şərq və Şərqi Aralıq dənizində güclü regional tarazlığı saxlamaq öhdəliyini nəzərə alsaq, İranla NATO vasitəsilə potensial müharibə ehtimalı regional tarazlığı poza bilər”.
Azərbaycanın da müharibəyə daxil olmasından bəhs edən siyasətçi bildirib:
“Əgər Türkiyə birbaşa müharibəyə girsə, bu, İran üçün fəlakətlə nəticələnəcək. 32 NATO ölkəsi Türkiyənin quru sərhədləri vasitəsilə İrana qarşı hava və quru əməliyyatları keçirmək hüququ qazanacaq. Bu isə İranın bu günə qədərki bütün müharibə strategiyasını tamamilə pozacaq. NATO ölkələri ilə əhəmiyyətli qarşıdurmaya səbəb olacaq.
İran Türkiyəni hədəf alaraq müharibə riskinə girsə, əhalisinin 50%-i türk olduğuna görə, İranın Türkiyəni məğlub etmək şansı olmayacaq. Üstəlik, Şuşa Bəyannaməsi ilə Azərbaycan da müharibəyə daxil olacaq və Türkiyə-Azərbaycan ikilisi, şübhəsiz ki, İranı məhv edəcək vasitə və imkanlara malikdir. Ancaq bəzi ünsürlər Türkiyə və Azərbaycanın müharibəyə qarışmasını istəyir. Türkiyə İrana qarşı müharibəyə girərsə, NATO da işə qarışacaq”.













