“Oktyabrda Günəş Tərəzi bürcündə olacaq. Bu isə ədalət, balans, harmoniya və münasibətlərin ön plana çıxacağına işarədir. Eyni zamanda Marsın Əqrəb bürcündə hərəkəti gizli mövzuların üzə çıxmasına, dərin dəyişikliklərə və dönüşümlərə səbəb olacaq”.
Sfera.az-a oktyabr ayının bürc proqnozunu verən astroloq Aytən Salami hisslərin güclənə biləcəyini və ciddi transformasiyaların reallaşma ehtimalının olduğunu qeyd edib:
“7 oktyabrda baş tutacaq Qoç Dolunayı isə cəsarət mövzularını gündəmə gətirəcək. Bu dövrdə yeni addımlar atmaq və həyatda daha irəli getmək üçün güc qazanacağıq”.
Qoç Bu ay şəxsi hədəflər və münasibətlər diqqət mərkəzində olacaq. Münasibətləri düzənləmək üçün səy göstərəcəklər. Marsın təsiri ilə emosional və dərin addımlar atmaq ehtiyacı güclənəcək.
Buğa
Şüuraltı və gizli mövzular gündəmə gələ bilər. Buğalar sosial mühitdən uzaqlaşmaq və daha çox daxili dünyalarına qapanmaq istəyə bilərlər. Psixoloji baxımdan bir qədər çətin ay ola bilər, lakin daxili dəyişikliklər də qaçılmazdır.
Əkizlər
Dost çevrəsi və kollektivlərlə bağlı məsələlər önə çıxacaq. Dolunay təsiri ilə bəzi lazımsız əlaqələri sonlandırmaq ehtiyacı yarana bilər. Həmçinin gələcək planlarını həyata keçirmək üçün hərəkətə keçməyə meylli olacaqlar.
Xərçəng
İş, karyera və ailə məsələləri əsas mövzu olacaq. İşlə ailə arasında tarazlıq qorumaq vacibdir. İş mühitində rəhbərliklə bağlı məsələlər ortaya çıxa bilər, buna görə təmkinli davranmaq məsləhətdir.
Şir
Təhsil, inanc və səyahətlə bağlı hadisələr gündəmi zəbt edəcək. Dünya görüşlərində dəyişiklik mümkündür. Hüquqi sənədlərlə bağlı məsələlər də önə çıxa bilər. Ən əsası isə, hər zaman özlərini haqlı görməkdən çəkinmələri faydalı olacaq.
Qız
Ortaq maliyyə, borc, miras və gəlir-xərc məsələləri ön plana çıxacaq. İş və karyera ilə bağlı qərarlar vermək zərurəti yarana bilər. Oktyabrda baş tutacaq dolunay isə psixoloji təmizlənmə və daxili güclənmə dönəmini işarə edir.
Tərəzi
Oktyabr ayı münasibətlər və şəxsi hədəflərin qiymətləndirilməsi ilə keçəcək. Balans qorumaq onlar üçün vacibdir. 7 oktyabrdan sonra münasibətlərdə gərginlik ola bilər, lakin tərəfdaşlıqda idarəetməni əllərində saxlasalar, hər şey müsbət nəticələnəcək.
Əqrəb
İş və sağlamlıq məsələləri ön planda olacaq. İş yoldaşları ilə anlaşılmazlıqlar yaşana bilər. Sağlamlıqlarına diqqət etməli, bədənlərində narahatlıq hiss etsələr, həkimə müraciət etmələri faydalıdır.
Oxatan
Sevgi, yaradıcılıq və övladlarla bağlı məsələlər gündəmdə olacaq. Dost çevrəsi ilə sosiallaşma artacaq. Romantik münasibətlərdə və övladlarla bağlı qərarlarda riskdən uzaq durmaları məsləhətdir.
Oğlaq
Ailə, ev və karyera mövzuları diqqətdə olacaq. Ev ilə bağlı mühüm qərarlar verilə bilər. Emosional qərarlardan qaçmaq faydalıdır. İşlə bağlı isə daha çox pozitiv enerjilər müşahidə olunacaq.
Dolça
Ünsiyyət, yaxın çevrə, qohumlarla münasibətlər əsas mövzu olacaq. Xaricdə təhsil və ya yaxın çevrədən dəstək almaq mümkün ola bilər. 7 oktyabrdan sonra bacı-qardaş və ya yaxın qohumlarla gərginlik yaşanma ehtimalı var, buna görə səbirli davranmaq vacibdir.
Balıqlar
Maddi məsələlər və ortaq gəlirlər ön plana çıxacaq. Balans yaratmaq və emosional qərarlardan qaçmaq bu ay onlar üçün faydalı olacaq. Xüsusən maliyyə sahəsində soyuqqanlı yanaşmaq əhəmiyyətlidir.














