İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, İran ABŞ-dən davamlı sülh, Tehranın qanuni hüquqlarının tanınması, zərərin ödənilməsi və təcavüzün təkrarlanmamasına zəmanət tələb edir.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi qeyd edib ki, İslam Respublikasının nüvə proqramı ABŞ ilə danışıqların əsas mövzusu deyil.
Maraqlıdır, İran ilə ABŞ arasında mümkün danışıqlarda nüvə proqramı arxa plana keçdiyi halda, əsas müzakirə mövzusu təhlükəsizlik zəmanətləri, kompensasiya tələbləri və regional strateji məsələlər (xüsusilə Hörmüz boğazı) üzərində qurulan daha geniş siyasi razılaşma olacaqmı?
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran və Birləşmiş Ştatlar arasında qlobal geosiyasi, geoiqtisadi nizamı təhdid edən eskalasiya gün keçdikcə daha da mürəkkəb xarakter alır:

“Tərəflərin danışıqlar müstəvisində hər hansı bir ciddi razılığa gələ bilməməsi müharibənin yenidən aktiv fazaya keçid etmək riskini artırır. Belə bir şəraitdə İranın Moskvadakı diplomatı Kazem Cəlali və Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi tərəfindən səsləndirilən fikirlər hesab edirəm ki, rəsmi Tehranın rəqibi qarşısında öz mövqeyini bir daha qətiləşdirmək, danışıqların çərçivəsini genişləndirmək və maksimallaşdırmaq niyyətinin təzahürüdür”.
Siyasi şərhçi vurğulayıb ki, burada Beqayi tərəfindən səsləndirilən nüvə məsələsinin arxa plana keçməsi tezisi fikrimcə real bir proses yox, məhz taktiki bir ritorikadır:
“Çünki reallıq ondan ibarətdir ki, İranın nüvə proqramı hələ də ABŞ və onun müttəfiqi İsrail üçün əsas təhlükəsizlik prioriteti olaraq qalmaqdadır. Vaşinqton qəti şəkildə Tehranın əlindəki zənginləşdirilmiş uran ehtiyyatını almaq və sözügedən ölkənin nüvə fəaliyyətini məhdudlaşdırmaq istəyir. ABŞ prosesləri göründüyü kimi addım-addım inkişaf etdirmək yanaşmasını sərgiləyir və bu tip məsələlər özlüyündə belə zaman tələb edən proseslərdir.
Eyni zamanda Hörmüz boğazı ətrafında baş verənlər tamamilə fərqli bir situasiya formalaşdırır. Yəni, Hörmüz böhranı digər məsələlərdən fərqli olaraq məhz qlobal xarakter daşıyır. Bu səbəbdən sözügedən müstəvidə digər qüvvələrin də maraqları öz təsirini hiss etdirir. Nəticə etibarilə, İran tərəfi danışıqlar masasında ölkənin milli maraqlarını təhdid edən bütün məsələləri gündəmə gətirmək istəyir və ən məqbul razılaşmalara prosesi lehinə yekunlaşdırmağı hədəfləyir. Lakin Vaşinqtonun redaktələr olmadan bu tələblərlə razılaşacağı inandırıcı deyil”.














