“Harvard University” tərəfindən aparılan və 85 ili əhatə edən uzunmüddətli araşdırma uşaqların erkən yaşlardan ev işlərinə cəlb edilməsinin onların gələcək həyatına ciddi müsbət təsir göstərdiyini ortaya qoyub.
Gündəm24.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, kiçik yaşlarından məsuliyyət daşıyan uşaqlar böyüdükdə daha uğurlu, müstəqil və xoşbəxt fərdlərə çevrilirlər. Bildirilir ki, ev işlərində kömək edən uşaqlarda məsuliyyət hissi, daxili nizam-intizam və əməkdaşlıq bacarığı daha erkən formalaşır. Bu xüsusiyyətlər isə həm şəxsi həyatlarında, həm də təhsil və karyera sahəsində onlara üstünlük qazandırır.
Araşdırmada qeyd olunub ki, müntəzəm şəkildə müəyyən tapşırıqları yerinə yetirən uşaqlar istədikləri nəticəyə çatmaq üçün səbir göstərməyi, başladıqları işi yarımçıq qoymamağı öyrənirlər.
Psixoloqlar hesab edir ki, bu xüsusiyyət gələcək akademik və peşəkar uğurun əsas amillərindən biridir. Bundan əlavə, ev işlərinə kömək edən uşaqlarda özgüvən hissi də artır. Özlərini faydalı və bacarıqlı hiss edən uşaqlar daha təşəbbüskar olur, liderlik qabiliyyətləri inkişaf edir və sosial münasibətlərdə daha konstruktiv davranırlar. Tədqiqatlara əsasən, belə uşaqlar məktəbdə də daha yüksək nəticələr əldə edir.
Xüsusilə riyaziyyat, oxu və təbiət elmləri kimi əsas fənlərdə onların performansının daha yaxşı olduğu bildirilir. 2-5 yaş arası uşaqlara oyuncaqları toplamaq, paltarları səbətə qoymaq, corabları cütləmək və çarpayısını düzəltmək kimi sadə işlər tapşırıla bilər./Sfera.az














