Bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və çevik hərbi birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 27 il ötür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən XTQ 1999-cu il 30 aprel tarixində yaradılıb və qısa müddətdə regionun ən güclü xüsusi təyinatlı qüvvələrindən birinə çevrilib.
Gündəm24.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasında əsas məqsəd müasir döyüş şəraitinə uyğun çevik, yüksək hazırlıqlı və xüsusi əməliyyatlar həyata keçirmək qabiliyyətinə malik peşəkar hərbi birlik formalaşdırmaq idi. XTQ-nin şəxsi heyəti əsasən ciddi fiziki və psixoloji hazırlıq keçmiş zabit, gizir və hərbi qulluqçulardan ibarət olur. Bu qüvvələr dağ, meşə, şəhər və çətin relyef şəraitində xüsusi əməliyyatların icrası üçün hazırlanır.
XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsində döyüş təcrübəsi qazanmış hərbçilərin böyük rolu olub. Eyni zamanda qardaş Türkiyənin xüsusi təyinatlı qüvvələrinin təcrübəsindən istifadə olunaraq hazırlıq sistemi qurulub. Sonrakı illərdə isə bölmələr NATO standartlarına uyğun müxtəlif təlimlərdə iştirak edərək peşəkarlığını daha da artırıb.
Bununla yanaşı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ötən illər ərzində keçirilən beynəlxalq yarışlarda və hərbi təlimlərdə yüksək nəticələr göstərib. XTQ hərbçiləri müxtəlif ölkələrdə təşkil olunan xüsusi təyinatlı yarışlarda peşəkarlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil ediblər. Bu qüvvələr 2016-cı ilin Aprel döyüşlərində mühüm rol oynayıb. Həmin əməliyyatlar zamanı düşmənin bir sıra strateji mövqelərinin azad edilməsində XTQ bölmələrinin xüsusi xidməti olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr ön cəbhədə ən ağır və məsuliyyətli tapşırıqları yerinə yetiriblər. Xüsusilə Şuşa şəhərinin azad olunması əməliyyatı XTQ-nin tarixində xüsusi yer tutur. Sıldırım qayaları aşaraq çətin şəraitdə şəhərə daxil olan xüsusi təyinatlılar yaxın döyüşlərdə böyük qəhrəmanlıq göstərərək Azərbaycanın hərb tarixinə adlarını yazdırıblar.
Hazırda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ən müasir silahlar, rabitə sistemləri və texniki vasitələrlə təchiz olunur. Bölmələrin döyüş hazırlığının artırılması istiqamətində mütəmadi təlimlər keçirilir, yeni texnologiyalar tətbiq olunur. Bu gün XTQ təkcə ordumuzun deyil, bütövlükdə Azərbaycanın güc rəmzlərindən biri hesab olunur. Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 27-ci ildönümündə Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə şəfa diləyir, hazırda xidmət aparan bütün hərbi qulluqçuları təbrik edirik./Sfera.az














