Bu gün dünyada 1 May – Beynəlxalq Əmək Günü qeyd olunur.
Bu tarix işçilərin hüquqları uğrunda mübarizənin simvolu kimi tanınır və bir çox ölkədə rəsmi bayram statusuna malikdir.
Gündəm24.az xəbər verir ki, Beynəlxalq Əmək Gününün əsası 1886-cı ildə ABŞ-nin Çikaqo şəhərində baş verən Haymarket hadisəsi ilə qoyulub. Həmin dövrdə fəhlələr gündəlik iş saatlarının 8 saatla məhdudlaşdırılması tələbi ilə kütləvi etiraz aksiyaları keçirirdilər.
Aksiyalar zamanı baş verən qarşıdurmalar nəticəsində insan tələfatı qeydə alınmış, bu hadisə isə dünya işçi hərəkatında dönüş nöqtəsi olmuşdu. 1889-cu ildə İkinci beynəlxalq 1 may tarixini beynəlxalq səviyyədə işçilərin həmrəylik günü kimi elan edib. Bundan sonra bu gün dünyanın bir çox ölkəsində qeyd olunmağa başlanıb. Hazırda 1 May müxtəlif ölkələrdə fərqli şəkildə qeyd edilir.
Bəzi dövlətlərdə bu gün rəsmi istirahət günü olsa da, digər yerlərdə yürüşlər, aksiyalar və tədbirlərlə yadda qalır. Bayram çərçivəsində əmək hüquqları, sosial ədalət və iş şəraitinin yaxşılaşdırılması kimi mövzular ön plana çəkilir. Azərbaycanda 1 May rəsmi qeyri-iş günü sayılmasa da, tarixən tanınan günlərdən biri kimi yadda qalır. Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə rəqəmsallaşma, uzaqdan iş modellərinin yayılması və əmək bazarındakı dəyişikliklər fonunda işçi hüquqları məsələsi aktuallığını qoruyur.
Qeyd edək ki, Beynəlxalq Əmək Günü bu gün də dünyada milyonlarla insanın əməyinə verilən dəyərin və sosial ədalət uğrunda mübarizənin simvolu olaraq qeyd olunur./Sfera.az













