Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Adamxan kəndi keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Qaranlıq (Martuni) rayonunun ərazisində yerləşib. Kənd rayon mərkəzindən 14 kilometr məsafədə, dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə salınıb. Mənbələrdə Atamxan adı ilə də qeyd olunur.
Adamxan toponimi şəxs adı əsasında yaranıb və antroponim mənşəli yer adı hesab edilir. Kəndin adına tarixi xəritələrdə, o cümlədən Qafqazın beşverstlik xəritəsində rast gəlinir.
Tarixi mənbələrdə 1828-ci ildən sonra Türkiyədən köçürülən erməni ailələrinin kənddə yerləşdirildiyi və azərbaycanlı əhalinin doğma yurdunu tərk etməyə məcbur olduğu bildirilir.
1968-ci il iyulun 3-də kəndin adı dəyişdirilərək Vardadzor qoyulub. Hazırda yaşayış məntəqəsi Ermənistanın Geğarkunik vilayətinin inzibati ərazisinə daxildir.
Bu gün Adamxan adı Göyçə mahalının tarixi-coğrafi yaddaşında yaşayır. Qədim toponimi və sakinlərinin yurd xatirələri bu kəndi Qərbi Azərbaycanın tarixi irsinin bir parçasına çevirir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov













