Son günlər ekspert dairələri arasında Bakıda həbsdə olan Ruben Vardanyanın Donbasda separatizmin maliyyələşdirilməsi ilə bağlı fəaliyyətinin tam araşdırılması üçün Ukraynaya təhvil verilə biləcəyi məsələsi geniş şəkildə müzakirə olunmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə ayna.az yazıb.
Qeyd edək ki, Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.
Bildirilir ki, OCCRP (Troyka Laundromat) tərəfindən aparılan araşdırmalar nəticəsində onun bankı olan “Troyka Dialoq” vasitəsilə təxminən 4,6 milyard dolların necə yuyulduğu, o cümlədən bu vəsaitlərin Donbasdakı Rusiyapərəst qüvvələrə dəstək də daxil olmaqla, şübhəli əməliyyatlar üçün istifadə edilə biləcəyi aşkarlanıb.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bakupost.az-a bildirib ki, Vardanyanın Ukraynaya təhvil verilməsi məsələsi o qədər də sadə məsələ deyil:
“Ruben Vardanyan artıq Azərbaycan məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Vardanyan artıq məhkum statusundadır. O, Qarabağda separatizm, xarici müdaxilə, regionda illərlə formalaşmış siyasi-maliyyə şəbəkəsinin əsas fiqurlarından biri kimi qəbul olunur. Ona görə də onun taleyilə bağlı veriləcək qərarlar təkcə hüquqi müstəvidə deyil, o cümlədən geopolitik müstəvidə də qiymətləndirilir. O, Azərbayhcan xalqına qarşı ağır cinayət etmiş bir şəxsdir. Onun terrorçu qrupları maliyyələşdirdiyi, Azərbaycanda separatizmi dəstəkləməsi və ona maddi-mənəvi, siyasi dəstək verməsi artıq tam sübut olunub”.
Həmsöhbətimiz hüquqi baxımdan Kiyevin belə bir məsələni qaldırmasını nəzəri baxımdan mümkün hesab edir:
“Bakı ilə Kiyev arasında hüquqi yardım haqqında müqavilə var. Amma reallıq bir qədər mürəkkəbdir. Vardanyan Azərbaycan ərazisində artıq məhkum olunub. Belə bir vəziyyətdə təhvil verilmə məsələsi avtomatik və texniki proseduralar kimi həll edilmir. Digər tərəfdən, ekstradiksiya üçün təkcə siyasi maraq kifayət etmir. Bunun üçün Ukrayna tərəfindən aydın cinayət işi, hüquqi sübutlar, beynəlxalq axtarış mexanizmləri, rəsmi proseduralar olmalıdır. Kiyevdən Azərbaycana hələlik belə bir müraciət daxil olmayıb”.
Ə. Nuriyev deyir ki, belə şəxslərin taleyi barədə qərarlar çox zaman yalnız məhkəmədə verilmir:
“Burada regional təhlükəsizlik, beynəlxalq münasibətlər, siyasi mesaj faktorları da paralel şəkildə işləyir”.
Müsahibimiz düşünür ki, Vardanyanın Kiyevə təhvil verilməsi ölkəmizdə yumşaq qarşılanmaz:
“İndiki mərhələdə daha real görünən variyant Vardanyanın birbaşa Kiyevə verilməsi yox, Bakı ilə Ukrayna arasında hüquqi əməkdaşlığın genişlənməsi ola bilər. Vardanyan tərəfindən Avropa və Amerikanın bir çox siyasi dairələrinin ələ alınması məsələsi də var. O, həmçinin revanşizmin geri qayıtması yolunda əsas siyasi-ideoloji fiqurlardan biri sayılır. Ona görə də o, son dərəcədə təhlükəli şəxsdir. Belədə onun təhvil verilməsi yeni cinayətlərin də başlanmasına əsas verə bilər. Hətta belə şəxslərə ömürlük azadlıqdan məhrum edilmə cəzasının verilməsi daha ədalətli olardı”.
Fond rəhbəri bildirir ki, onun Ukraynaya verilməsindən sonra taleyinin necə olacağı da sual altında qalır:
“Çünki onun hamiləri az deyil. Ona görə də Vardanyanın cəzasını Azərbayanda çəkməsi vacibdir. Məsələyə gələcəkdəki şərtlər daxilində yenidən baxıla bilər”.














