Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,28% azalaraq 4,529.6 ABŞ dollarına bərabər olub.
Qızılın qiymətində ucuzlaşma nə vaxta kimi davam edəcək?
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Ajans.az-a açıqlama verib.
O bildirib ki, qızılın hansı dövrdə alınmasının daha məqsədəuyğun olduğunu demək peşəkar baxımdan doğru deyil. Çünki bu, birbaşa investisiya məsləhəti hesab olunur və belə tövsiyə vermək düzgün olmaz.
Ümumi kontekstdə isə qızılın qiymətinin düşməsi Azərbaycan alıcısı üçün müəyyən mənada sərfəlidir. Xüsusilə qızılı zinət əşyası kimi alanlar üçün – toy, mərasim və ya hədiyyə məqsədilə – qiymət azalması müsbət təsir göstərir. Lakin qızıla investisiya aləti kimi yanaşanlar üçün qiymətin enməsi qısamüddətli mənfi nəticə yarada bilər.

“Qızılın ucuzlaşmasına gəldikdə isə, uzunmüddətli perspektivdə bu proses adətən müvəqqəti xarakter daşıyır. Bəzi dövrlərdə qiymətlər bir neçə il aşağı səviyyədə qala, bəzən isə 3–5 il nisbətən sabit davam edə bilər. Amma 5, 10 və ya 15 illik intervalda baxdıqda qızılın ümumi artım tendensiyası müşahidə olunur və bu dinamikanın gələcəkdə də davam edəcəyi istisna deyil.”
Onun sözlərinə görə, qızılın qiyməti qısa müddətdə, məsələn bir il ərzində kəskin artacaq. Qlobal iqtisadiyyatda qeyri-sabitlik və geosiyasi gərginliklər artdıqda investorlar, eləcə də aparıcı ölkələrin mərkəzi bankları və böyük fondlar daha çox qızıla yönəlir. Bu isə tələbi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.
Ekspert deyib ki, qlobal iqtisadi sabitlik dövründə digər investisiya alətləri daha cəlbedici olur, nəticədə qızıla tələbat azalır və qiymətlərdə nisbi zəifləmə müşahidə edilir. Bu isə qızıl bazarının təbii və davamlı dinamikasıdır.













