Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəsmi İrəvana “ölkəsinə və xalqına uyğun olan qatarı seçməyi” məsləhət görüb.
KONKRET.az xəbər verir ki, rusiyalı rəsmi bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərin Ermənistanın KTMT-dəki üzvlüyü və avrointeqrasiya planları ilə bağlı sualına cavab verən Şoyqu bədii sitatla xəbərdarlıq edib:
“Qubermanın belə məşhur bir şeiri var: “Eyni yerlə müxtəlif qatarlarda oturmaq olmaz”. Ona görə də hər halda eyni yolda olan qatarı seçməlisən. Sənin ölkənə, sənin xalqına uyğun olan qatarı”.
Şoyqu diqqəti Ermənistanın hələ də rəsmi olaraq KTMT-nin tərkibində qalmasına, lakin Təhlükəsizlik Şurası katiblərinin bugünkü iclasının yenə də İrəvan nümayəndələrinin iştirakı olmadan keçirilməsinə çəkib.
Rusiya Təhlükəsizlik Şurasının katibi, həmçinin Ermənistan rəhbərliyinin Qərb ölkələri ilə “isti münasibətlərindən” sonra rəsmi Moskvaya hər şeyin aydın olduğunu vurğulayıb:
“Ermənistan Azərbaycanla sərhəddə rusiyalı müşahidəçilərin yerləşdirilməsindən imtina etdi, lakin orada Avropa İttifaqının missiyası peydə oldu. İlk mərhələdə dedilər ki, bu, müvəqqətidir, vəziyyət sabitləşənə qədər, cəmi iki illikdir. Amma hələ o vaxt bəzi rəhbərlər bildirdilər ki, bu, iki illik deyil, uzunmüddətlidir.
Özünüz də gördünüz ki, bu yaxınlarda onların qalma müddəti uzadıldı. Düzü, bu gün okeanın tayında şahidi olduğumuz bütün hadisələrdən, isti əl sıxmalardan və imzalanan müxtəlif sənədlərdən sonra biz artıq Avropa müşahidəçilərinin orada nə məqsədlə yerləşdiyini çox yaxşı bilirik”.














