Türkiyənin Malatya şəhərində mart ayından etibarən itkin düşən 26 yaşlı Aysel Yıldırımın qətlə yetirildiyi müəyyən edilib.
NOCOMMENT.az xəbər verir ki, Malatya Baş Prokurorluğu, Vilayət Polis İdarəsi və Jandarma Komandanlığının birgə apardığı araşdırma nəticəsində gənc qadının qətlin qurbanı olduğu ortaya çıxıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
İstintaq materiallarına görə, Aysel Yıldırım martın 19-da Battalgazi rayonundakı evindən çıxaraq taksi ilə Yavuz Səlim məhəlləsində yerləşən Aykut Aslana məxsus ünvana gedib. Təhlükəsizlik kameraları gənc qadının binaya daxil olduğunu qeydə alsa da, onun binadan çıxdığına dair görüntü əldə olunmayıb.
Araşdırma zamanı müəyyən edilib ki, Aykut Aslan həmin gecə avtomobili ilə binaya gələrək bəzi əşyaları maşına yükləyib və ərazini tərk edib.
İstintaqın ilkin nəticələrinə görə, Aykut Aslan Aysel Yıldırımı “Gəl, burada xəzinə basdırılıb” bəhanəsi ilə çağırıb. Bildirilir ki, tərəflər əvvəllər birlikdə yaşayıb və aralarında pul köçürmələri olub.
Ədliyyə naziri Akın Gürlek bildirib ki, əldə olunan dəlillər Aysel Yıldırımın qətlə yetirildiyini təsdiqləyir.
Faktla bağlı Aykut Aslan, Derya Akçaba, Olga Öğüt və Onur İlhan saxlanılıb. Daha bir şübhəli – Serap Alagözün tutulması istiqamətində əməliyyatlar davam edir.
Hazırda hüquq-mühafizə orqanları gənc qadının cəsədinin tapılması üçün çay yataqlarında və basdırıldığı ehtimal edilən ərazilərdə axtarış işlərini davam etdirirlər.
Faktla bağlı istintaq davam edir.














