Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar.
Gündəm24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas fərq süd yağının miqdarındadır.
Tərkibində 82,5 faiz yağ olan kərə yağında təbii süd yağı çox, su isə daha az olur. Buna görə də bu növ yağ daha zəngin qaymaqlı dada, daha sıx quruluşa malikdir. Xəmir, sous, krem və digər kulinariya məhsullarının hazırlanması üçün daha uyğun hesab olunur.
72,5 faiz yağlı kərə yağı da istehsal standartlarına uyğun hazırlandıqda tamamilə təbii məhsul sayılır. Sadəcə onun tərkibində su bir qədər çox, yağ isə nisbətən az olur. Bu səbəbdən kalorisi də 82,5 faiz yağlı kərə yağından bir qədər aşağıdır. Mütəxəssislər bildirirlər ki, sağlam insanlar üçün bu fərq ciddi əhəmiyyət daşımır.
Qida texnoloqları qeyd edirlər ki, klassik və ən yüksək keyfiyyətli kərə yağı kimi adətən 82,5 faiz yağlı məhsul qəbul edilir. Tərkibində süd yağı maksimum, əlavə nəmlik isə minimum olduğundan peşəkar aşpazlar daha çox bu növ yağa üstünlük verirlər.
Lakin bu, 72,5 faiz yağlı kərə yağının keyfiyyətsiz və ya faydasız olması demək deyil. Əgər məhsul yalnız qaymaqdan hazırlanıbsa və tərkibində bitki yağları yoxdursa, o da yüksək qida dəyərinə malikdir.
Dietoloqlar bildirirlər ki, hər iki növ kərə yağında A, D, E və K vitaminləri, həmçinin faydalı yağ turşuları mövcuddur. Sadəcə 82,5 faiz yağlı məhsulun kalorisi daha yüksəkdir.
Mütəxəssislərin fikrincə, seçim edərkən əsas diqqət yağlılıq faizinə deyil, məhsulun tərkibinə yönəldilməlidir. Ən vacib məqam kərə yağının tərkibində bitki yağlarının, palma yağının, aromatizatorların və digər əlavə qatqıların olmamasıdır.
Buna görə də alış zamanı etiket diqqətlə oxunmalıdır. Həqiqi kərə yağının tərkibində yalnız pasterizə olunmuş qaymaq və ya inək südü ilə qaymaq göstərilməlidir.
Ekspertlər həmçinin bildirirlər ki, keyfiyyətli kərə yağı açıq sarı rəngdə, vahid quruluşlu və xoş qaymaq ətrinə malik olur. Otaq temperaturunda asanlıqla əzilməli, lakin ovxalanmamalıdır.
Bundan başqa, qablaşdırmada “kərə yağı” qeydinin olması da vacibdir. Əgər məhsul “spred” və ya “yağ məhsulu” kimi təqdim edilirsə, bu, onun tərkibində bitki mənşəli yağların ola biləcəyini göstərir./lent.az













