“Nissan Motor” şirkəti Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə 600 595 avtomobili əhatə edən geriçağırma kampaniyasına başladığını bildirib. Buna səbəb litium-ion batareyasının idarəetmə blokunda aşkar edilən nasazlıqdır.
Gündəm24.az bu barədə “International Press” portalına istinadən xəbər verir.
Geriçağırma kampaniyasına 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunmuş “Note”, “Note Aura” və “X-Trail” hibrid modelləri daxildir.
Bildirilir ki, elektron idarəetmə blokunun proqram təminatındakı səhv tənzimləmə mexaniki nasazlıqlar barədə yanlış siqnalların yaranmasına səbəb olur. Nəticədə avtomatik sistem mühərrikə elektrik enerjisinin verilməsini məhdudlaşdırır, ən pis halda isə onu tamamilə dayandırır. Bu isə avtomobilin hərəkət zamanı qəfil dayanması riskini yaradır.
Bu günədək sözügedən problemlə bağlı 452 şikayət qeydə alınıb. Həmçinin bir maddi ziyanla nəticələnən hadisənin baş verdiyi bildirilib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.
Problemin aradan qaldırılması üçün “Nissan” geriçağırma kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz yeniləyəcək.













