Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.
Bəs bu “gənc” fənləri tədris edən müəllim korpusu varmı, yetişibmi?
Gündəm24.az bildirir ki, globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahələrində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır:
“Yeni fənlərin tədrisinə əmək bazarında informasiya texnologiyaları ixtisası üzrə təhsil almış, süni intellekt və maşın təlimi sahəsində ixtisaslaşmış, kompüter elmləri üzrə bakalavr təhsili olan mütəxəssislər, eləcə də riyaziyyat müəllimləri cəlb oluna bilərlər. Məhz bu istiqamət üzrə hazırlığı olan mütəxəssislərin dərslərin tədrisində iştirak etməsi daha məqsədəuyğundur”.
Ekspert bildirib ki, bu fənlər üçün Azərbaycan dili, riyaziyyat və digər əsas elm sahələrində olduğu qədər dərs saatı ayrılmayacaq:
“Lakin mərhələli şəkildə tədris prosesi təşkil olunacaq. Perspektivdə isə məhz bu sahələr üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsinə ehtiyac yaranacaq. Gələcəkdə ya riyaziyyat müəllimliyi proqramları çərçivəsində süni intellekt və əlaqəli mövzuların tədrisi nəzərdə tutulmalı, ya da kibertəhlükəsizlik və kompüter elmləri üzrə ixtisaslaşmış mütəxəssislər birbaşa tədris prosesinə cəlb edilməlidirlər”.
Globalinfo.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də qurumun nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə sorğu ünvanlayıb.














