Mığrı qalası (Mehri qalası) – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam
Mığrı qalası Qərbi Azərbaycanın tarixi Zəngəzur mahalının Mığrı (Mehri) bölgəsində yerləşən ən qədim müdafiə qalalarından biridir. Şəhərin şimal hissəsində, yüksək dağ silsilələri üzərində inşa edilən qala strateji mövqeyi ilə seçilir və əsrlər boyu bölgənin müdafiəsində mühüm rol oynayıb.
Tarixi mənbələrdə qala haqqında ilk məlumat XI əsrə aid edilir. Qala nal formasında tikilmiş, təbii sıldırım qayalar isə onun müdafiə sisteminin bir hissəsini təşkil etmişdir. XVIII əsrdə qala əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilmişdir.
Mığrı qalasının divarları yonulmamış qranit daşlardan və gil məhlulu ilə inşa olunmuşdur. Qala altı bürcdən ibarət idi: dörd bürc dairəvi, iki bürc isə düzbucaqlı formada tikilmişdi. Bu xüsusiyyətlər onu Zəngəzurun ən fərqli müdafiə tikililərindən birinə çevirirdi.
Qala Mığrı şəhərini və ətraf dağ keçidlərini nəzarətdə saxlamaq üçün əlverişli mövqedə yerləşirdi. Buradan karvan yollarını izləmək və mümkün hücumların qarşısını almaq mümkün idi. Buna görə də Mığrı qalası uzun müddət Zəngəzurun əsas hərbi istehkamlarından biri hesab olunub.
Bu gün Mığrı qalasının qalıqları Zəngəzurun qədim hərbi memarlığını əks etdirən mühüm tarixi abidələrdən biri kimi qiymətləndirilir. Onun divarları və bürcləri bölgənin zəngin tarixini və orta əsr müdafiə memarlığını bu günə qədər yaşatmaqdadır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














