Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir.
Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki, bu məsələ ölkələr arasında bağlanmış beynəlxalq sazişlərin mövcudluğundan asılıdır.

Onun sözlərinə görə, Azərbaycan bəzi dövlətlərlə sosial təminat sahəsində ikitərəfli sazişlər imzalayıb və həmin sazişlər çərçivəsində əmək stajının qarşılıqlı tanınması mümkündür:
“Əgər vətəndaş Azərbaycanın sosial təminat haqqında müqavilə bağladığı ölkədə rəsmi işləyib və qanunvericiliyə uyğun şəkildə sosial sığorta haqları ödəyibsə, həmin dövrdə qazanılmış əmək stajı pensiya hüququnun müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər. Lakin bu, yalnız müvafiq beynəlxalq sazişin şərtlərinə uyğun olaraq həyata keçirilir.”
Asif İbrahimov vurğulayıb ki, Azərbaycanın sosial təminat sahəsində sazişi olmayan ölkələrdə qazanılmış əmək stajının avtomatik şəkildə Azərbaycanda pensiya hesablanmasına daxil edilməsi mümkün deyil:
“Belə hallarda vətəndaşın xaricdəki əmək fəaliyyəti həmin ölkənin daxili qanunvericiliyinə uyğun qiymətləndirilir. Azərbaycanda pensiya hüququnun müəyyən edilməsi isə milli qanunvericiliyin tələblərinə əsasən aparılır.”
Ekspertin sözlərinə görə, xaricdə işləməyi planlaşdıran vətəndaşlar sonradan pensiya hüquqları ilə bağlı problem yaşamamaq üçün işləyəcəkləri ölkə ilə Azərbaycan arasında sosial təminat haqqında beynəlxalq sazişin olub-olmadığını əvvəlcədən araşdırmalıdırlar.
Qeyd edək ki, xaricdə qazanılan əmək stajının tanınması və pensiya hüquqlarının qorunması məsələsi beynəlxalq sosial təminat sazişləri əsasında tənzimlənir və hər bir müraciət konkret müqavilənin şərtləri çərçivəsində fərdi qaydada qiymətləndirilir.













