Ermənistan mətbuatının yayadığı son məlumatlara görə, İrəvan hakimiyyəti Konstitusiya dəyişikliyinə dair nəzərdə tutulan referendumdan dərhal sonra anklavlar məsələsini real müzakirə müstəvisinə çıxarmağı planlaşdırır.
“Hraparak” qəzetinin rəsmi mənbələrə istinadən yazdığına görə, əsas müzakirə mövzusu Azərbaycanın suveren ərazisi olan Kərki kəndi ilə bağlıdır, lakin Nikol Paşinyan hökuməti daxildəki siyasi gərginliyi və konstitusiya islahatlarının pozulma riskini nəzərə alaraq bu addımı hələlik təxirə salıb. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası daxilində Kərkinin Başkəndlə dəyişdirilməsi ilə bağlı müəyyən təkliflər səslənsə də, baş nazir buna qarşı çıxır. Xatırladaq ki, Ermənistan Kərki ilə yanaşı, Qazax rayonunun işğal altında qalan Sofulu, Yuxarı Əskipara və Barxudarlı kəndlərini də Azərbaycana qaytarmağa borcludur və bu tarixi ədalətin bərpası regional sülhün qaçılmaz tərkib hissəsidir.
Gündəm24.az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, anklavlar probleminin həlli Cənubi Qafqazda sülh müqaviləsinin imzalanması prosesində həlledici mərhələlərdən biridir: “Ermənistan rəhbərliyi daxili siyasi qorxular və revanşist qüvvələrin təzyiqi üzündən bu prosesi hər vəchlə uzatmağa çalışsa da, reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və haqlı tələbləri çərçivəsində anklav məsələsi gec-tez öz həllini tapmalıdır”.
Onun sözlərinə görə, İrəvanın referendum bəhanəsi ilə vaxt udmaq cəhdləri uzunmüddətli perspektivdə Ermənistanın özünə daha baha başa gələcək: “Əgər Paşinyan həqiqətən də bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdırsa, konstitusiya dəyişikliyindən sonra bəhanə gətirmədən Kərki və digər işğal altındakı kəndlərimizi qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır, çünki sərhədlərin delimitasiyası və anklavların azad edilməsi prosesindən qaçmaq qeyri-mümkündür”.














