Gündəm24.az xəbər verir ki, 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində tədbir keçirilib.
Tədbirdə nümayəndəliyin üzvləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan dövlətçiliyinin tarixi, müstəqilliyin bərpasının əhəmiyyəti, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbiri Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq iştirakçıları salamlayıb. O, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün xalqımızın tarixində mühüm yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı uzun illər davam edən azadlıq və müstəqillik mübarizəsinin nəticəsi olaraq öz dövlət müstəqilliyini bərpa edib. Bu tarixi hadisə xalqımızın milli iradəsinin, azadlıq istəyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təzahürüdür.
Ramiz İsmayılov çıxışında müstəqilliyin qorunmasının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və milli birliyin saxlanılmasının hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib. O, xüsusilə gənc nəslin tariximizi dərindən öyrənməsinin, milli kimliyimizi və mənəvi dəyərlərimizi yaşatmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin fəal üzvü Akif Şahbazov çıxış edib. O, 18 Oktyabrın Azərbaycan xalqının müstəqillik salnaməsində əlamətdar tarix olduğunu qeyd edərək, bu günün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, müstəqil dövlətə sahib olmaq böyük tarixi nailiyyətdir və bu nailiyyətin qorunması xalqın həmrəyliyindən, milli şüurundan və dövlətə bağlılığından asılıdır.
Akif Şahbazov çıxışında Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və gənclərin milli ruhda yetişdirilməsinin əhəmiyyətinə də toxunub.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin Ağsaqqallar Şurasının üzvü Sevindik Hüseynov da çıxış edib. O, ağsaqqalların cəmiyyət həyatında rolundan, milli-mənəvi dəyərlərin yaşadılmasından və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsindən danışıb. Vurğulayıb ki, xalqın öz tarixini bilməsi, keçmişini unutmaması və milli kimliyini qoruması dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edir.
Digər natiqlər də çıxışlarında Azərbaycanın müstəqillik tarixindən, xalqımızın azadlıq əzmindən, milli birliyin və həmrəyliyin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, müstəqillik yalnız tarixi nailiyyət deyil, eyni zamanda gələcək nəsillər qarşısında məsuliyyət və öhdəlikdir.
Çıxışlarda Qərbi Azərbaycan mövzusunun daim diqqətdə saxlanılması, tarixi yaddaşın qorunması, soydaşlarımızın üzləşdiyi problemlərin və tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir iştirakçıları belə görüşlərin milli-mənəvi dəyərlərin təbliği, tarixi yaddaşın möhkəmləndirilməsi və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının azadlıq iradəsini və dövlətçilik əzmini əks etdirən mühüm tarixi gün olduğu bir daha diqqətə çatdırılıb.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov



















