Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində valideynlərdən tibbi ləvazimat tələb olunduğu iddia olunur.
Sosial şəbəkədə yayılan paylaşımda Sumqayıt şəhər Uşaq Xəstəxanasının Yoluxucu Xəstəliklər korpusu ilə bağlı iddialar yer alıb.
Vətəndaşın sözlərinə görə, valideynlər xəstəxanaya müraciət etdikdə onlardan müəyyən tibbi ləvazimatlar tələb olunur.
“Valideyn xəstəxanaya hər hansı məsələ ilə bağlı müraciət etdikdə sistem şlanqı və vazofiks alıb gətirmələrini deyirlər. Sonra bildirirlər ki, hər şeyimiz var. Əgər hər şey varsa, bəs niyə bunları özümüz almalıyıq? Sistem şlanqı olmasa, xəstəyə baxılmayacaq?”, – deyə vətəndaş narazılığını ifadə edib.
Gündəm24.az xəbər verir ki, məsələ ilə bağlı Sumqayit24.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında son günlər bəzi tibbi sərfiyyat vasitələrinin təminatında müvəqqəti ləngimələr yaranıb.
“Hazırda venadaxili infuziya sistemi və vazofiks də daxil olmaqla, zəruri tibbi sərfiyyat vasitələri tədarük olunub və tibb müəssisəsi həmin vasitələrlə təmin edilib”, – deyə qurumun məlumatında qeyd olunub.













