Xəbər verdiyimiz kimi, Türkiyədə tanınmış xəbər aparıcısı Erhan Çelikin boş
anma prosesində olduğu mama-ginekoloq Özlem Gültekin vəfat edib.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, 49 yaşlı həkimin ölümü ilə bağlı araşdırma başladılıb.
İlkin məlumatlara görə, Gültekin ölümündən təxminən bir həftə əvvəl özəl xəstəxanada döş əməliyyatı keçirib.

Məlumata görə, Özlem Gültekin hadisə günü İzmirdə sahibi olduğu klinikada olub. Döş əməliyyatından sonra yaranan ağrılar səbəbindən özünə anesteziya verdiyi və bundan sonra huşunu itirdiyi iddia olunur.
Həkim təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Gültekinin ölümünün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün İzmir Məhkəmə Tibbi Ekspertiza İnstitutunda yarılma aparılıb. Ölüm səbəbinin yekun ekspertiza nəticələrindən sonra müəyyənləşəcəyi bildirilir.

İstintaq çərçivəsində Gültekinin yaşadığı evdə və klinikasında axtarış aparılıb.
Axtarış zamanı tərkibində narkotik təsirli maddələr olduğu bildirilən dərman qutuları, dərman blisterləri və ümumilikdə 12 tablet aşkarlanaraq müsadirə edilib.
Tapılan dərmanların həkimin ölümündə hər hansı rolunun olub-olmadığı ekspertiza nəticəsində müəyyənləşdiriləcək.

İstintaq çərçivəsində Özlem Gültekinin mobil telefonu da müsadirə edilib. İzmir 3-cü Sülh Cəza Məhkəməsinin qərarı ilə telefonun müayinəsinə başlanılıb.
Bundan başqa, həkimin klinikasına aid təhlükəsizlik kameralarının görüntüləri də istintaqa daxil edilib. Görüntülərin araşdırılması davam edir.
Hadisə ilə bağlı klinikanın əməkdaşları, eləcə də Gültekinə müdaxilə edən 112 Təcili Tibbi Yardım və digər tibb işçiləri daxil olmaqla 6 nəfərin şahid qismində ifadəsi alınıb.
İstintaq davam edir.
Qeyd: Özlem Gültekinin ölümünün səbəbi ilə bağlı yekun tibbi ekspertiza nəticələri açıqlanmayıb. Dərmanların ölümə səbəb olması barədə iddialar da hazırda araşdırma mərhələsindədir.















