“Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin”.
Gündəm24.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov pensiya kapitalı ilə bağlı yeni təklif irəli sürüb.
Deputat bildirib ki, burada iki əsas məsələ müzakirə olunur: pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi.
Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalına münasibət fərqlidir.
Vüqar Bayramov qeyd edib ki, müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur.
Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönəldilə bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər tətbiq olunur.
Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur.
“Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin”, – deyə Bayramov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır.
Vüqar Bayramov digər mühüm məsələnin isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsi olduğunu qeyd edib.
“Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədəuyğun olardı”, – deyə deputat vurğulayıb.
O bildirib ki, vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli ola bilər.
Deputatın fikrincə, belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.
Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağının artacağı gözlənilir.
Bayramov hesab edir ki, pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər. /baku.ws














