Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə və mədəni yaxınlığa əsaslanan humanitar əməkdaşlıq dinamik şəkildə genişlənir. Təhsil, mədəniyyət, media və turizm sahələrindəki əlaqələr xalqları daha da yaxınlaşdırır.
Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Prezident bildirib ki, 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb bu əməkdaşlığın parlaq rəmzidir.
Mədəni layihələr barədə danışan dövlət başçısı deyib:
“Keçən il əziz qardaşım Prezident Şavkat Mirziyoyevlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Media və QHT sahəsində də forumlar keçirilib, 2026-cı ildə iki ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib”.
Dövlət başçısı turist axınının da artdığını vurğulayıb. Özbəkistandan Azərbaycana gələn turistlərin sayısı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min nəfər təşkil edib. Həmçinin iki ölkənin 10-dan çox şəhəri arasında qardaşlaşma münasibətləri qurulub.













