Toy və yas mərasimlərində çox sayda insana eyni anda qida hazırlanması zəhərlənmə riskini artırır. Xüsusilə ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, düyü və kremli məhsulların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyenaya və çarpaz çirklənmənin qarşısının alınmasına ciddi diqqət yetirilməlidir.
Bəs, toy və yas mərasimlərində çox sayda insana qida hazırlanarkən zəhərlənmələrin qarşısını almaq üçün hansı əsas təhlükəsizlik qaydalarına əməl olunmalıdır, xüsusilə qidaların hazırlanması, saxlanması və süfrəyə verilməsi zamanı hansı risklərə diqqət edilməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, restoranlarda, xüsusilə şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır.
“Bu gün həmin restoranlarda saxlanılan və bir toydan digərinə ötürülən qidalarla bağlı nə qədər danışsaq da, saxlanma şəraitinə və məhsulların qonşuluğuna dair tələblərə lazımi şəkildə əməl olunmur. Restoranlarda əsas məqsəd menyudan mümkün qədər çox gəlir əldə etməkdir. Müştərilərə 80, 90, 100 manat və daha yüksək qiymətə menyular təklif olunur. Bu menyularda göstərilən məhsulların həqiqətən qeyd olunan məhsullarla eyni olub-olmadığı, onların hazırlanmasında və süfrəyə təqdim edilməsində hansı gigiyenik şərtlərə əməl edildiyi araşdırılmalıdır”.
Ekspert bildirib ki, restoranların mətbəxlərində monitorinq aparılarsa, oradakı antisanitar vəziyyətin də şahidi olmaq mümkündür:
“Çöldən hər şey gözəl görünə bilər: müxtəlif çilçıraqlar, işıqlar, süfrələr, qab-qacaq və dekorasiyalar. Lakin bunun arxasında antisanitar şəraitdə hazırlanan yeməklər dayana bilər. Müxtəlif göyərtilərlə salatların bəzədilməsi süfrəyə gözəl görüntü verməklə yanaşı, yeməklərin hansı şəraitdə hazırlandığı sualını aradan qaldırmır. Məsələn, bəzi restoranlar 35-50 manatlıq menyularda quzu və toyuq kababı, mal əti, dana basdırması, lüləkabab, balıq kababı və müxtəlif içkilər təklif edir. Bu zaman menyuda dana əti göstərilirsə, həmin məhsulun həqiqətən dana əti olub-olmadığının müəyyənləşdirilməsi üçün laborator analizlərin aparılıb-aparılmadığı sual doğurur. Eyni məsələ lüləkababa da aiddir. Onun tərkibinin, istifadə olunan ət, yağ və piyin keyfiyyətinin araşdırılması vacibdir”.
Onun sözlərinə görə, kütləvi qida zəhərlənmələrinin əsas səbəblərindən biri də məhsulların saxlanma şəraitinin normalara uyğun olmamasıdır:
“Bəzən eyni soyuducuda balıq, göbələk, hazır salatlar və digər məhsullar saxlanılır və növbəti toylarda istifadə olunur. Ət, toyuq, su və digər qidaların da uyğun olmayan şəraitdə bir yerdə saxlanılması mümkündür. Temperatur rejiminə əməl edilmədikdə məhsulların tərkibində dəyişikliklər baş verə və bu da insanların zəhərlənməsinə səbəb ola bilər. Bu kimi məsələlərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müəyyən addımlar atması və konkret işlər görməsi vacibdir. Qida ekspertləri də bu prosesdə qurumun fəaliyyətinə müdaxilə etmək yox, əksinə, kömək etmək məqsədi daşıyırlar. Ekspertlərin məqsədi müəyyən problemlərin aradan qaldırılmasına dəstək olmaqdır və bunun qarşılığında hər hansı maddi və ya başqa gözləntiləri yoxdur”.
Ekspert qeyd edib ki, yaxşı olar ki, Qida Təhlükəsizliyi Agentliyi ilə qida ekspertləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq olsun. Qida təhlükəsizliyi ilə bağlı problemlərin həlli yalnız cərimələr üzərindən qurulmamalıdır.













