Ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı ayrıca tənzimləmə mexanizmi formalaşdırılacaq. Bu yenilik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında əksini tapıb.
Maraqlıdır, tənzimləmə mexanizmi formalaşdırılarkən hansı nüanslara diqqət edilməlidir?
Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ artıq sadəcə müzakirə mövzusu deyil:
“Eyni zamanda, bu, Azərbaycan qida təhlükəsizliyinin sadəcə hər hansı bir kağız üzərində həyata keçirilməsi və yaxud sadəcə akt xatirinə tərtib olunması məsələsi deyil. Bu, artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramına daxil edilib. Sərəncamın əsas məqsədlərindən biri də ailələrin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir. Eyni zamanda, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması əsas məsələlərdən biridir. Bu Dövlət Proqramında ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı ayrıca tənzimləmə mexanizmi, yəqin ki, yer alır və xüsusilə də orada bu barədə vurğulanıb. Amma hesab edirəm ki, burada çox mühüm bir balans qorunmalıdır: vətəndaşın öz ailə təsərrüfatında hazırladığı məhsulu qanuni şəkildə bazara çıxarmasına şərait yaradılmalı və eyni zamanda istehlakçının sağlamlığı maksimum qorunmalıdır. Burada bu balansı qoruyacaq qurum Qida Təhlükəsizliyi Agentliyidir”.
O vurğuladı ki, ev şəraitində hazırlanan mürəbbə, turşu, quru meyvələr, süd-qatıq məhsulları, şirniyyatlar, həmçinin tez xarab ola bilən məhsullarla bağlı tələblər düzgün formada həyata keçirilməlidir:
“Həmçinin, bunlarla bağlı risklər nəzərə alınmalıdır. Ailə təsərrüfatı sahibinin bazara çıxması üçün mürəkkəb və bahalı prosedur yaradılmamalı, burada mümkün qədər əlçatan bir mexanizm həyata keçirilməlidir. İstehsal müəssisəsi ilə ev şəraitinin məsələləri eyniləşdirilməməlidir. Yəni orada olan tələbləri ev şəraiti üçün qoymaq lazım deyil. Burada ev şəraitində minimum gigiyenik tələblər ən azı təmin olunmalıdır. Temperatur rejimi, şəxsi gigiyena, məhsulların saxlanması, çarpaz çirklənmənin qarşısının alınması mütləq təmin olunmalıdır.
Məhsulların etiketlənməsi məsələsi, məhsulların tərkibi haqqında məlumatlar birmənalı şəkildə olmalıdır. Yararlılıq müddəti, istehsal şəraiti və saxlanma şəraiti qeyd edilməlidir. Məhsulların kimin tərəfindən və harada hazırlandığını müəyyən etmək mümkün olmalıdır. Həmçinin məhsulların satışının izlənməsi mümkün olmalıdır. Dövlət nəzarəti yalnız cərimələrdən ibarət deyil. Məhsulların hansı şəraitdə hazırlanması, qablaşdırılması və bazara çıxarılması əvvəlcədən bu işlə məşğul olanlara izah edilməlidir. Elələri var, deyir ki, yemək evdə bişibsə, problem yoxdur. Bu məsələ ilə qətiyyən razılaşmıram. Evdə bişirilə bilər, amma sanitar normalara əməl olunmasa, bu artıq yemək deyil, zəhər sayılır”.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, ev şəraitində hazırlanmış qida insan sağlamlığı üçün risk yarada bilər:
“Əgər bu gün ev şəraitində hər hansı bir balıq, göbələk və yaxud süd məhsulundan nəsə hazırlamışıqsa, normal şəraitdə hazırlanmayıbsa, təbii ki, bu, riskdir”.
İlkin Şirinov yeniliyi müsbət qiymətləndirdiyini vurğuladı:
“Çünki bu, ailə təsərrüfatında, həmçinin kiçik istehsalçılara yeni imkanlar açacaq və qeyri-formal şəraitdə həyata keçirilən fəaliyyətin tam şəffaf, təhlükəsiz bir şərait müstəvisinə keçməsinə imkan verəcək. Əsas məsələ bundan sonra tənzimləmə prosesinin necə olacağı, mexanizmin necə öz həllini tapacağıdır. Mənim fikrimcə, bu mexanizm vətəndaşı bazardan kənarda qoymamalıdır. Qida təhlükəsizliyi məsələsində güzəşt məsələsi yoxdur. Qidada güzəşt insan həyatının itirilməsi ilə başa gələ bilər. Ona görə də qida sadəcə süfrəyə qoyulan hər hansı bir yemək deyil, birbaşa insanın həyatı və sağlamlığıdır. İnsanın həyatı da yediyi qidadan asılıdır. Ona görə deyirik ki, qidada güzəşt yoxdur. Qidada güzəşt insanın həyatı bahasına başa gələ bilər”.














