Son dövrlər toy və yas mərasimlərində nümayişkaranə dəbdəbənin artması cəmiyyətdə sosial bərabərsizlik, israfçılıq və ictimai təzyiq kimi məsələləri yenidən gündəmə gətirib. Xüsusilə yüksək məbləğlərin xərcləndiyi mərasimlər bəzi hallarda insanların maddi imkanlarından daha çox xərcləməyə sövq edilməsi və sosial müqayisələrin güclənməsi ilə bağlı müzakirələrə səbəb olur.
Bəs belə mərasimlərə görə inzibati və ya digər formada cəza tətbiq edilməsi insanların sosial davranışlarına və cəmiyyətin dəyərlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, dəbdəbəli və yadda qalan toy keçirmək Azərbaycan cəmiyyətinə xas xüsusiyyətlərdən biridir:

“Varlısı da, kasıbı da, orta təbəqənin nümayəndələri də çalışırlar ki, toylarını yaddaqalan etsinlər. Bu, həm də mental dəyərlərdən irəli gəlir. Kimlərsə bunu bahalı xərclərlə diqqətə gətirməyə, toya daha çox qonaq cəlb etməyə çalışır. Təbii ki, hər bir halda israfçılıq olduqda cəmiyyətdə qınaq yaranır”.
Sosioloqun sözlərinə görə, dəbdəbəli mərasimlərə görə inzibati cəzanın tətbiqi məsələsinə yalnız gəlirlərin mənbəyi və şəxsin maliyyə imkanları nəzərə alınmaqla yanaşmaq mümkündür:
“İnzibati cəza o halda mümkün ola bilər ki, gəlirlərin deklarasiyası məsələsi ortada olsun. İnsanlar bu qədər vəsaiti xərcləyirlərsə, həmin vəsaiti haradan əldə ediblər, necə qazanıblar və necə xərcləyiblər – bunların mənbəyi bilinməlidir. Əgər insan vəsaiti halal şəkildə qazanıbsa, onu necə xərcləməsi, toyunda nə qədər xərc çəkməsi onun təbii haqqıdır. Bununla yanaşı, insanın özünün də sosial məsuliyyəti var”.
Nail Cəlil hesab edir ki, məsələnin yalnız sanksiya tətbiq etməklə həll edilməsi düzgün yanaşma deyil. Onun fikrincə, əsas diqqət gəlirlərin şəffaflığına yönəlməlidir:
“Müstəqil şəkildə sanksiya tətbiq etməklə problem həll edilmir. Ola bilər ki, insanın bu vəsaiti hansı yollarla qazanması şübhə doğursun, amma bu, hər kəsə aid deyil. Adətən cəmiyyətdə narazılıq yaradan əsas məqamlardan biri də yüksək vəzifəli şəxslərin və məmurların çox böyük məbləğlərə toy keçirməsidir. İnsanlar haqlı olaraq sual verirlər ki, məmur maaşı ilə bu qədər vəsaiti əldə etmək mümkündürmü?”
Sosioloq vurğulayıb ki, cəmiyyətdə sosial bərabərlik hissinin formalaşması üçün gəlirlərin mənşəyinin şəffaf olması vacibdir:
“Nazirlərin və digər məmurların milyonlarla vəsait xərclədiyi toylar barədə məlumatlar cəmiyyətin diqqətini çəkir. İnsanlar mahiyyəti görür və haqlı olaraq soruşurlar: sən bunu edə bilirsənsə, mən niyə edə bilmirəm, bu vəsait haradan gəlir? Əgər həmin vəsait qanunsuz və ya dolayı yollarla cəmiyyətin cibindən çıxarılıbsa, burada ciddi sosial problem yaranır. Bu baxımdan belə hallar insanların sosial davranışına birbaşa təsir göstərir”.
Nail Cəlil hesab edir ki, dəbdəbəli mərasimlərə sərf olunan vəsaitin bir hissəsinin sosial layihələrə və xeyriyyəçiliyə yönəldilməsi daha faydalı nəticələr verə bilər:
“Daha çox dəbdəbəyə pul xərcləmək əvəzinə, xeyriyyəçiliyə, iş yerlərinin və istehsal sahələrinin yaradılmasına vəsait ayrılması daha məqsədəuyğundur. İnsanlar iqtisadi dövriyyəni və iqtisadi rifahı daha çox hiss etməlidirlər. Daha yaxşı və dəbdəbəli yaşamaq istəyən şəxs bunu ölkənin rifahına və iqtisadiyyatına töhfə verməklə də həyata keçirə bilər”.
Sosioloq əlavə edib ki, məsələyə hüquqi müstəvidə də qiymət verilməlidir:
“Azərbaycan vətəndaşı əldə etdiyi gəlirlərə və qazanca görə vergi ödəməlidir. Eyni zamanda vergilərin əhəmiyyətli hissəsi sosial təyinatlı xərclərə yönəldilməlidir. Kimsə milyon dollarlıq toy etmək istəyirsə, vergisini ödəsin və vəsaitin mənbəyini açıqlasın. Hər kəsin hüquqları bərabərdir”.
Yas mərasimlərində dəbdəbənin uyğun olmadığını deyən Nail Cəlil bildirib ki, burada əsas məqsəd kütləviliyin və mərhumun xatirəsinin yaşadılmasının qorunması olmalıdır:
“Yas mərasimlərində kütləvilik olmalıdır. Amma dəbdəbə və bahalı xərclər yas mərasiminin mahiyyətinə uyğun deyil. Burada müəyyən mənada kütləvilik və ehsan məsələsi var. Əgər vəfat etmiş şəxsin əmlakı və ya vəsaiti çoxdursa, onun müəyyən hissəsinin xeyriyyəçilik məqsədilə bölüşdürülməsi, iş yerlərinin yaradılmasına yönəldilməsi daha məqsədəuyğundur. İnsanlar bundan fayda görəcəksə, mərhumun ruhuna edilən yaxşılığın ünvanına çatması baxımından da daha faydalı olar”.
“Yasın da, toyun da öz yeri və öz qiymətləndirməsi var”, – deyə sosioloq qeyd edib:
“Dəbdəbə bəlkə də müəyyən həddə lazım ola bilər. Amma israf həddinə çatdıqda lazımsız xərcləri də ayırmaq lazımdır”.














