Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri forumda iştirak üçün Bakıya gəlib.
Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədli deyib ki, müasir dövrdə təhlükəsizlik mühitinin dəyişməsi, terrorçuluq və transmilli cinayətkarlıq daxil olmaqla yeni təhdidlərin daha mürəkkəb və çoxşaxəli xarakter alması beynəlxalq əməkdaşlığın gücləndirilməsini xüsusi aktuallıq kəsb edən məsələyə çevirib:
“IV Bakı Təhlükəsizlik Forumu bu baxımdan müxtəlif ölkələrin təhlükəsizlik strukturları arasında birbaşa dialoqun genişlənməsi, mövcud və yeni yaranan təhdidlərə dair fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də terrorçuluğa qarşı mübarizədə daha effektiv əməkdaşlıq mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır.

Mətin Məmmədli
Forum çərçivəsində qlobal və regional təhlükəsizliyə təsir göstərən aktual çağırışların, terrorçuluğun yeni formalarının, transmilli təhlükələrə qarşı mübarizə imkanlarının və digər vacib məsələlərin diqqət mərkəzində olması nəzərdə tutulub. Təbii ki, belə geniş coğrafiyanı əhatə edən yüksək səviyyəli iştirak Bakının beynəlxalq təhlükəsizlik dialoqlarının aparıldığı mühüm platformalardan biri kimi rolunu növbəti dəfə nümayiş etdirir. Ümumiyyətlə, onu da qeyd edim ki, artıq Bakı ölkəmizdə yalnız təhlükəsizlik forumu deyil, digər platformalar üçün də bir məkan rolunu oynayır. Bu, ondan xəbər verir ki, ölkəmiz orta güc olaraq fəal xarici siyasət və diplomatiya həyata keçirir. Bunun həssas hədəflərindən biri də ilk növbədə dünyada sülhə, təhlükəsizliyə, rifaha töhfə verməkdir.
Yəni son illərdə qlobal və regional miqyasda Bakının əks mövqedə olan dövlətlər, aktorlar üçün bir dialoq məkanına çevirildiyini müşahidə edirik. Bu onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyədə müxtəlif dövlətlər tərəfindən etibarlı tərəfdaş, vasitəçi ölkə kimi nüfuz qazanıb.
Son olaraq bu tədbirə baxdıqda görə bilərik ki, xeyli sayda ölkə, hətta kəskin rəqabətdə olan kəşfiyyat xidmətlərinin rəhbərləri iştirak edir. Bu, ölkəmizin nüfuzunun göstəricisi kimi qəbul edilə bilər”.














