Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan azərbaycanlı Rəşad İbrahimovun vəziyyəti açıqlanıb.
Bu barədə Musavat.com-a açıqlamasında əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimovun atası Şəmsi İbrahimov məlumat verib.
Onun sözlərinə görə, oğlu və digər saxlanılan şəxslər həbsxanada deyil, xüsusi nəzarət altında saxlanılırlar:
“Həbsxana şəraiti deyil, daha çox otaq şəraitində saxlanılırlar. Mətbəxləri var. Çölə çıxarılanda isə polis nəzarəti ilə məhkəməyə aparılırlar. Ümumilikdə, saxlanma şəraitindən narazılığı yoxdur”.
Şəmsi İbrahimov bildirib ki, hazırda istintaq davam edir və yaxın günlərdə məsələ ilə bağlı məhkəmə iclasının keçirilməsi gözlənilir. Onun sözlərinə görə, istintaq orqanı araşdırmanın tamamlanması üçün məhkəmədən əlavə vaxt istəyib:
“Hazırda istintaq gedir. Son məhkəmə iclasında araşdırmanın və sənədləşmənin tamamlanması üçün əlavə vaxt istənilib. Yəni işi tamamlamaq və bütün dosyeləri yekunlaşdırmaq üçün müddətin uzadılması tələb olunub. Bildiyimə görə, təxminən 10 gün ərzində növbəti məhkəmə prosesi başlayacaq”.
Şəmsi İbrahimov oğlunun və digər şəxslərin təhlükəsizliyinin də nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərin təhlükəsizliyinin təmin olunması da bu tədbirlərin səbəblərindən biridir.
Qeyd edək ki, Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayon sakini Qədir Quliyevdir.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzası baş verib. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Daha 19 sərnişinin taleyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.














