İranın quru qoşunlarının ölkənin sərhəd xətti boyunca geniş şəkildə yerləşdirilməsi ilə bağlı açıqlama diqqət çəkib. Tehran ordunun müxtəlif istiqamətlərdə, o cümlədən Pakistan və Əfqanıstan istiqamətinə yaxın ərazilərdə, eləcə də Oman körfəzi və Məkran sahillərində hərbi mövcudluğunu gücləndirdiyini bildirir.
İran Quru Qoşunları komandanı Əli Cahanşahi ordunun quru qüvvələrinin əksəriyyətinin ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq, şimal-şərq və cənub-şərq sərhədlərində yerləşdirildiyini deyib. Onun sözlərinə görə, xüsusilə Məkran sahillərinə diqqət yetirilir. Sərhəd bölgələrində müxtəlif təyinatlı hərbi birləşmələr, o cümlədən xüsusi təyinatlı və sürətli reaksiya qüvvələri, mexanikləşdirilmiş və artilleriya bölmələri yerləşdirilib.

Azərbaycanın İranla sərhədi ölkənin cənubundadır. Yəni Əli Cahanşahinin dediyi “şimal-qərb sərhədləri” ifadəsi İranın Azərbaycan və Naxçıvan istiqamətini əhatə edir. İranın hərbi terminologiyasında isə Azərbaycan sərhədi əsasən şimal-qərb istiqaməti hesab olunur. Azərbaycanla İranın sərhədinin 765 km olduğunu göstərilir.
Bu açıqlamanın diqqətçəkən tərəfi İran ordusunun yalnız bir istiqamətdə deyil, faktiki olaraq ölkənin bütün əsas quru sərhədləri boyunca yerləşdirilməsinin vurğulanmasıdır. İranın quru qoşunları komandanının açıqlaması regionda təhlükəsizlik mənzərəsinin mürəkkəbləşdiyi bir vaxtda verilib.
Siyasi təhlilçi Sona Əliyeva məsələ ilə bağlı Musavat.com-a bunları dedi: “Əvvəla diqqət yetirmək lazımdır ki, Əli Cahanşahinin açıqlamasında Azərbaycan ayrıca hədəf kimi göstərilmir. Şimal-qərb istiqaməti Azərbaycan sərhədini əhatə etsə də, İranın bu istiqamətdə hərbi qüvvə saxlamasını avtomatik olaraq Azərbaycana qarşı hazırlıq kimi təqdim etmək doğru deyil. İranın eyni açıqlamada qərb, şərq və cənub-şərq sərhədlərini də qeyd etməsi daha geniş təhlükəsizlik yanaşmasının olduğunu göstərir. Amma bu, Azərbaycan üçün bu məsələnin əhəmiyyətini azaltmır. Çünki Azərbaycan-İran münasibətlərində son illərdə həm əməkdaşlıq, həm də ciddi təhlükəsizlik problemləri paralel şəkildə mövcud olub. Xüsusilə Naxçıvan istiqamətində baş verən son hadisələrdən sonra Tehran tərəfindən şimal-qərb sərhədində hər hansı hərbi dəyişiklik Bakıda təbii olaraq daha həssas qəbul edilməli idi. Həmçinin nəzərə almaq lazımdır ki, İranın hazırkı davranışı özünü bir neçə istiqamətdən gələ biləcək risklərə qarşı sığortalamaq istəyidir. Qərbdə ABŞ və İsrail faktoru, şərqdə Əfqanıstan və sərhəd təhlükəsizliyi, cənub-şərqdə Bəlucistan problemi, dəniz istiqamətində isə Oman körfəzi və Məkran xətti Tehranın eyni vaxtda nəzərə aldığı təhlükəsizlik məsələləridir”.

Siyasi təhlilçinin sözlərinə görə, məkrana xüsusi diqqət yetirilməsi İran üçün onun strtaeji əhəmiyyətini göstərir: “Çünki, buradan ölkənin Hind okeanına çıxışı təmin olunur və Çabahar kimi mühüm limanlar yerləşir. Ona görə həmin ərazidə hərbi imkanların artırılması həm təhlükəsizlik, həm də İranın regional və iqtisadi maraqlarının qorunması ilə bağlıdır. Həmçinin, İran quru sərhədlərində qüvvələrin mövcudluğunu qabartmaqla demək istəyir ki, mümkün qarşıdurmanın ölkə daxilinə keçməsi ssenarisinə də hazırdır. Bu, həm xarici rəqiblərə, həm də İran cəmiyyətinə verilən siyasi mesajdır. Azərbaycanla bağlı məsələlər isə İran üçün hər zaman xüsusi həssaslığa malik olub. Tehran uzun müddətdir regionda kommunikasiyaların dəyişməsi, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçməsi və Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi kimi prosesləri diqqətlə izləyir. İranın əsas narahatlığı sərhədlərinin yaxınlığında yeni geosiyasi reallığın yaranmasıdır. Lakin bu narahatlığı birbaşa hərbi qarşıdurma niyyəti ilə eyniləşdirməzdim. Bu gün Bakı üçün əsas məsələ İranın sərhəddə qoşun saxlaması faktından daha çox, həmin qüvvələrin konkret olaraq hansı istiqamətdə və hansı məqsədlə hərəkət etməsidir. Əgər şimal-qərbdə əlavə qüvvələrin cəmləşdirilməsi, hərbi infrastrukturun genişləndirilməsi və Azərbaycana qarşı ritorikanın sərtləşməsi müşahidə olunarsa, bu artıq ayrıca qiymətləndirilməli olan məsələdir. Hazırkı açıqlama isə belə bir nəticə çıxarmağa kifayət etmir. Məncə, İranın verdiyi mesajın mahiyyəti belədir ki, Tehran özünü əvvəlkindən daha mürəkkəb təhlükəsizlik mühitində görür və mümkün ssenarilərin heç birini istisna etmək istəmir. Bu baxımdan sərhədlərdə hərbi qüvvələrin yerləşdirilməsi həm real müdafiə tədbiri, həm də çəkindirmə vasitəsidir. Azərbaycan üçün isə ən doğru yanaşma İranla münasibətlərdə təhlükəsizlik riskləri nəzərə alınması, eyni zamanda diplomatik kanallar açıq saxlanılması olmalıdır. Çünki regionda hazırda hərbi güc qədər diplomatik manevr imkanları da önəmlidir”.













